Mətbuat Şurasına qarşı qadın şantajı?!
05 may 2010 15:00 (UTC +04:00)

Mətbuat Şurasına qarşı qadın şantajı?!

Əflatun Amaşov: «Hərəkətləri ancaq bumeranq effekti yaradacaq. Bir az da bu haqda düşünsünlər»

«Bəzi «reket qəzet»lərin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə qarşı qadın şantajına ət atacaqları barədə informasiya təəssüfləndirici olsa da, gözlənilməz deyil. Şura belə tipli nəşrlərin fəaliyyətlərində oxşar dəst-xətdən istifadəyə dair faktları dəfələrlə ortaya çıxarıb. Lakin sırf mənəvi baxımdan bu kimi halları cəmiyyətə açıqlamırdıq. Görünür, lazım imiş». Bunu MŞ İdarə Heyətinin üzvü, Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qurumun «qara siyahı»sında yer alan bəzi kütləvi informasiya vasitələrinin İdarə Heyətinin üzvlərinə qarşı qadın şantajı planlaşdırmaları ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

V.Rəhimzadənin sözlərinə görə, «qara siyahı»da elə üzdəniraq nəşrlər var ki, onlara hansısa etik prinsiplərin, mənəviyyat normalarının mövcudluğunu xatırlatmaq yersizdir. Çünki bu kimi dəyərlər onların dünya görüşlərinə, məqsəd və niyyətlərinə tamamilə ziddir. Əgər əxlaqsız vasitələrin icrası ilə bədxahlıqlarını gerçəkləşdirəcəklərinə ümidlidirlərsə, tamamilə yanılırlar: «Mətbuat Şurasının media və ictimaiyyət içərisində nüfuzu olan, yüksək əxlaqi normaların daşıyıcıları kimi tanınan şəxslər cəmləşiblər. «Reket nəşr» isə cəmiyyətin sağalmaz yaralarıdırlar. Onlara qarşı mübarizəmizin cəmiyyət tərəfindən ciddi dəstəklənməsi bizə mənəvi stimul verir. Heç bir qüvvə Şuranı yolundan döndərə bilməz».

Məsələyə münasibət bildirən MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bu fikirdədir ki, müxtəlif şantajçı vasitələr «reket nəşr»ləri və onların rəhbərlərini xarakterizə edən başlıca fəaliyyət meyarıdır. «Yaramaz dəst-xətt havadarlarına da məxsusdur. Bunlar hədəf seçdikləri şəxslərə qarşı belə mübarizə aparırlar. Səbəb çox sadədir. Son zamanlar Mətbuat Şurası «reket jurnalistika»ya qarşı tədbirlərini gücləndirib. Nəticələrimiz asan gəlir mənbələrindən məhrum olanları qəzəbləndirib. Hikkələrini üstümüzə tökməyə çalışırlar» - deyə əlavə edib.

Öyrədilmiş qadınlar vasitəsilə şər və böhtana məruz qoymanı insan şəxsiyyətinə qarşı başlıca qarayaxma üsulu sayan T.Abbasın fikrincə, bu, «reket nəşr»lərin himayədarları olan çirkin məmurlara arxalanaraq gerçəkləşdirmək istədikləri aksiyadır. İH üzvü bu tipli informasiyaların ona əvvəllər də daxil olduğunu diqqətə çatdırıb. O, «reket qəzet»ləri mövcud niyyətdən daşınmayağa çağırıb: «Əvvəla heç bir faydası olmayacaq. Digər tərəfdən, «reket nəşr»lər belə məsələlərə boş vaxt sərf etməkdənsə, öz fəaliyyətlərində dönüş etsələr, daha yaxşıdır. Unutmasınlar ki, ölkənin mətbu mühitinə təmiz adla qayıtmağın yeganə yolu Mətbuat Şurasından, qurumun müəyyənləşdirdiyi prinsiplərə əməl etməkdən keçir. Başqa heç bir şeyə ümid etməsinlər».

«Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin kimliklərini, hansı əxlaq və əqidə sahibi olmalarını xatırlamaq niyyətindən uzağam. Fikrimcə, cəmiyyətin güzgüsü olan həqiqi jurnalistlər, təcrübəli qələm sahibləri qurultay seçimlərində yanıla bilməzdilər». Mətbuat Şurasının sədri Əflatun Amaşovun isə məsələyə ilk münasibəti belə oldu.

Şura sədrinin sözlərinə görə, MŞ-nin «qara siyahı»sı etik prinsiplərə sayğısızlıq göstərən, peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verən mətbu nəşrlərə qarşı tətbiq olunan ictimai qınaq vasitələrindən biridir. Məqsəd hər bir kütləvi informasiya vasitəsində peşə prinsiplərə sayğı mühitini formalaşdırmaqdır. Bu sivil üsuldur və cəmiyyət tərəfindən geniş dəstəklənməkdədir.

Ə.Amaşov həmçinin bildirib ki, Şuranın «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»ı adları «qara siyahı»da yer alan KİV-lərin yenidən sivil mətbu mühitə qayıtmalarına imkan verir. O, siyahıdakı bəzi qəzetlərin bu barədə MŞ-yə müvafiq müraciət ünvanladıqlarını da vurğulayıb. «Təəssüf ki, bəd əməllərinin davamında israrlı olanlar da var. Belələri hər cür yolverilməz hərəkətlərdən, şantaj üsullarından istifadə etdiklərini artıq isbatlayıblar. Əslində Şuranın İdarə Heyətinin üzvlərinə qarşı qarayaxma kampaniyasını çoxdan aparırlar. Deyilənə görə, indi «yenilik» etmək istəyirlər. Hərəkətləri ancaq bumeranq effekti yaradacaq. Bir az da bu haqda düşünsünlər».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar