Təhsildə korrupsiya problemi müzakirə olunub
04 may 2010 18:30 (UTC +04:00)

Təhsildə korrupsiya problemi müzakirə olunub

Gəncədə ətraf rayonların təhsil işçilərinin iştirakı ilə bu mövzuda konfrans keçirilib

Gəncə şəhərində ətraf rayonların orta, orta ixtisas və ali təhsil müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” icrasının vəziyyətinə dair regional konfrans keçirilib. Korrupsiyaya Qarşı Mübarizə Fondunun Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi konfransda regionun 11 şəhər və rayonun təhsil işçiləri iştirak edib.

Korrupsiyaya Qarşı Mübarizə Fondundan Lent.az-a bildiriblər ki, tədbirdə regionun təhsil müəssisələrində baş verən korrupsiya halları, tədris prosesinin, semestr və buraxılış imtahanlarının monitorinqinin təşkili, təhsili idarəetmə orqanlarında daxili nəzarət qurumlarının (işçi qrupların) işinin təşkili və aşkar edilən korrupsiya halları barədə hüquq-mühafizə orqanlarının məlumatlandırılması məsələləri müzakirə orlunub. Konfransda Təhsil Nazirliyinin nümayəndəsi, Gəncə şəhər Təhsil idarəsinin, Gəncə şəhərindəki ali təhsil müəssisələrinin və ətraf rayonlardan iştirak edən orta təhsil müəssisələrinin rəhbərləri çıxış ediblər. Onlar Milli Strategiyanın icrası üçün irəli sürülən təkliflərin həyata keçirilməsinin zəruriliyindən danışıblar.

Xatırladaq ki, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın fəaliyyət planında təhsil müəssisələrində idarəetmə mexanizmlərinin, imtahanların aparılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, şikayətlərə baxılmasının səmərəliliyinin artırılması, müəllimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi kimi tələblər əksini tapıb. Bununla əlaqədar təhsil nazirinin əmri ilə “Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planı” təsdiq edilib. Sənəddə təhsil idarəetmə orqanları, təhsil müəssisələri rəhbərlərindən fəaliyyət planından irəli gələn vəzifələri yerinə yetirmək tələb olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar