Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin işçi qrupunun iclası keçirilib
30 avqust 2010 18:54 (UTC +04:00)

Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin işçi qrupunun iclası keçirilib

Lent.az-ın məlumatına görə, iclası MŞ sədri Əflatun Amaşov açaraq ötən müddətdə layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib.

O bildirib ki, qrup üzvlərinin təhlilləri və irəli sürdükləri fikirlər Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (AJPDQ) daha təkmil variantının yekun müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir. İclasda AJPDQ-nın əsasən “İnformasiya qaynaqlarına sayğılı yanaşma”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” və “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” prinsiplərinin bəndlərinə irəli sürülən əlavə və düzəlişlər müzakirə olunub. Bildirilib ki, sənədin yekun variantında təqsirsizlik prezumpsiyası, ictimai fiqurların tənqidi, yeniyetmə və gənclərlə bağlı məqamların işıqlandırılması və digər həssas məsələlərə xüsusi diqqət yetirilməlidir.

Qeyd edək ki, avqustun 12-də yaradılan işçi qrupun başlıca məqsədi AJPDQ-yə əlavə və dəyişiliklərlə bağlı avropalı ekspertlər tərəfindən irəli sürülən tövsiyyələrin nəzərdən keçirilməsi və yekun müzakirəyə çıxarılmasıdır. Qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçisi və ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərləri və media ekspertləri daxildir. Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi AJPDQ-nin təkmilləşdirilməsini və paralel olaraq “Diffamasiya haqqında” qanunun qəbulunun sürətləndirilməsini nəzərdə tutur. Bu ilin martından reallaşdırılan layihə çərçivəsində sentyabrda beynəlxalq konfransın təşkili də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar