Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək
27 aprel 2010 17:30 (UTC +04:00)

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək

Aprelin 30-da 4111 namizəd 771 vakant vəzifə uğrunda mübarizə aparacaq

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqənin test imtahanı aprelin 30-dan başlayır. İmtahan Azərbaycanda ilk dəfə olaraq, kompüter vasitəsi ilə keçiriləcək.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Lent.az-a bildiriblər ki, yeni qaydalara əsasən, inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər. Test imtahanının qrafiki də yeni qaydaların bu tələbi nəzərə alınmaqla tərtib edilib. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin altıncı-yeddinci, sonra isə səkkizinci-doqquzuncu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak edəcək.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsindəki bilikləri yoxlanılacaq.

Xatırladaq ki, müsabiqə 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilir. Müsabiqədə iştirak etmək üçün 4111 namizəd qeydə alınıb. Onlardan 966-sı (23,50 faiz) qadın, 3145-i (76,50 faiz) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 63 yaşındadır. İlk dəfə olaraq müsabiqəyə apelyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.

İnzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 bal, 8 və 9-cu təsnifatları üzrə keçid balı isə 70 bal müəyyənləşdirilib. İnzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test tapşırığından ibarət test blokunun 50 faizini, 8 və 9-cu təsnifatları üzrə isə 40 faizini düzgün cavablandıran və müvafiq vəzifənin təsnifatı üzrə keçid balı toplayan namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar