8 milyon manat neçə yerə bölünəcək?
26 aprel 2010 19:30 (UTC +04:00)

8 milyon manat neçə yerə bölünəcək?

Dövlət Statistika Komitəsində Böyük Vətən Müharibəsinin sağ qalan iştirakçılarının sayı barədə məlumat yoxdur

Bu il ilk dəfə olaraq, Böyük Vətən Müharibəsi iştirakçıları və onların ailə üzvlərinə birdəfəlik yardımların məbləği əhəmiyyətli şəkildə artıb. Prezident İlham Əliyevin aprelin 22-də imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” sərəncamına əsasən, bu il Böyük Vətən Müharibəsi iştirakçılarına 500, müharibədə həlak olan və ya sonradan vəfat edən döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə, İkinci Dünya Müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirən xüsusi birləşmələrin işçilərinə, müharibə dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilən şəxslərə, habelə, Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım ediləcək. Bunun üçün
Prezidentin Ehtiyat Fondundan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 8 milyon manat ayrılıb.

Lent.az birdəfəlik yardımları alacaq şəxslərin statistikası ilə kiçik araşdırma aparıb. Amma hazırda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarının və onların dul arvadlarının sayını dəqiqləşdirmək mümkün olmayıb. Dövlət Statistika Komitəsinin müvafiq şöbələrində bu cür məlumatların harada və necə toplanmasında xəbərsiz olduqlarını deyirlər. Komitənin demoqrafiya şöbəsində isə bildiriblər ki, son illər Böyük Vətən Müharibəsinin iştirakçıları arasında dünyasını dəyişənlərin sayı sürətlə artır. Bu səbəbdən həmin məlumatlar da tez-tez dəyişir. Ancaq şöbənin əməkdaşları bu məsələdə sonuncu dəfə dəqiq statistikanın nə vaxt aparıldığını xatırlaya bilməyiblər.

Xatırladaq ki, ötən il mayın 9-dək Azərbaycanda Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 5368 nəfər təşkil edib. Müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərin və Leninqrad mühasirəsi iştirakçılarının isə sayı 37 min 271 nəfər olub. Ötən il həmin kateqoriyadan olan şəxslərə və onların ailələrin müvafiq olaraq 150 və 100 manat məbləğində birdəfəlik yardım verilib.

Bu il isə birdəfəlik yardımları alacaq şəxslərin sayı hələ məlum deyil. DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyir ki, hazırda bu məsələ ilə bağlı məlumatlar dəqiqləşdirilir. Onun sözlərinə görə, artıq fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərə çatdırılması üçün müvafiq tədbirlər görülür. Yaxın vaxtlarda isə ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürüləcək.

Elman Babayev bu il birdəfəlik yardımların məbləğinin artırılması müharibə veteranlarına və onların ailələrinə dövlət qayğısının təzahürü kimi dəyərləndirib. Fond rəsmisi deyir ki, bu il həm də 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım ölkə başçısının “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram”ın təsdiq edilməsi haqqında sərəncam çərçivəsində həyata keçirilib. Həmin proqrama uyğun olaraq DSMF-nin müharibə iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə hazırladığı təkliflər “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər və əlavələr sırasında yer almışdı. Dəyişikliklər və əlavələr təsdiqləndikdən sonra bu il yanvarın 1-dən qüvvəyə minib. Nəticədə bu ilin yanvar ayından etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar