Şuşanın xatirinə qan verək!
26 aprel 2010 16:45 (UTC +04:00)

Şuşanın xatirinə qan verək!

Şuşanın işğalının ildönümü günündə qanvermə aksiyası təşkil olunacaq

Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə mayın 8-də Şuşanın işğalının 18-ci ildönümü günündə qanvermə aksiyası keçiriləcək. Elmi Texniki Hematologiya və Qanköçürmə İnstitutunda təşkil olunacaq aksiyaya Azərbaycan Qızıl Aypara Cəmiyyəti də dəstək verir.

PJB sədri Elşad Eyvazlı Lent.az-a bildirib ki, aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət ediblər. Onun sözlərinə görə, aksiyada millət vəkillərin və media nümayəndələrinin daha fəal iştirak edəcəyi gözlənilir: “Hesab edirik ki, həm deputatlarımız, həm də jurnalist həmkarlarımız hər gün ölkə mediasını izləyirlər. Odur ki, onlara ayrıca olaraq yazılı şəkildə müraciət olunmayacaq. Mətbuatda yer alan müraciəti deputatlarımız və jurnalistlərimiz hər biri özlərinə ünvanlanan dəvətnamə kimi də qəbul edə bilərlər”.

Hazırda Azərbaycanda qan azlığından xeyli əziyyət çəkən çoxlu insanların olduğunu xatırladan Elşad Eyvazlı bu aksiyada iştirakçılığın humanizm baxımından gərəkli olduğunu vurğulayıb. O, qeyd edib ki, aksiyanın məhz Şuşanın işğalının ildönümü günündə keçirilməsi mühüm əhəmiyyətə malikdir: “Əminik ki, həm deputatlarımız, həm də jurnalistlər bu kampaniyada fəal iştirak edəcəklər”.

Xatırladaq ki, qanvermə aksiyası mayın 8-də saat 10.00-da başlayacaq.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar