Baş baytar ölən düyələrin və dərmanın güdazına getdi
23 aprel 2010 11:30 (UTC +04:00)

Baş baytar ölən düyələrin və dərmanın güdazına getdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin dünən işdən azad edilmiş rəisi İsmayıl Həsənovun yerinə bu gün təyinat olub. Kənd təsərrüfatı naziri İsmət Abbasovun əmri ilə xidmətə rəhbərlik Sialə Rüstəmovaya həvalə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Lent.az-a bildirib ki, Sialə Rüstəmova ali təhsillidir və 20 ildən artıq baytarlıq sistemində çalışıb. O, S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1989-2009-cu illərdə Azərbaycan Bioloji Kombinatında mikrobioloq, şöbə müdiri və direktor vəzifələrində işləyib. Ötən il sentyabr ayının 15-dən isə Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru vəzifəsində çalışıb. 1965-ci ildə doğulub, ailəlidir.

Xatırladaq ki, İsmayıl Həsənovun işdə yol verdiyi ciddi nöqsanlara görə kollegiyanın qərarı ilə dünən vəzifəsindən azad edilib. Onun hansı nöqsanlara yol verdiyini nazirliyin rəsmisi Murtuzəli Hacıyev Lent.az-a belə açıqlayıb: “İsmayıl Həsənov 2009-cu il sentyabrın 4-də kollegiyanın iclasında “Aqrolizinq” tərəfindən gətirilmiş damazlıq düyələrdə baş verən fəsadların aradan qaldırılmasına laqeyd münasibət bəslədiyinə görə axırıncı xəbərdarlıqla şiddətli töhmət almışdı. Həmin tənbehdən bu günə qədər lazımi nəticə çıxarmadığına və vəzifə səlahiyyətlərini aşaraq baytarlıq qanunvericiliyinə zidd olaraq, “brüsellyoz” xəstəliyinə qarşı yeni müalicə preparatını yaratdığı barədə KİV-ə dezinformasiya xarakterli məlumat verdiyinə görə işdən azad olunub”.

Yeri gəlmişkən, “Aqrolizinq” ASC-nin dövlət vəsaiti hesabına Azərbaycana gətirdiyi 700 cins düyənin 74-ü tələf olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar