Hansı torpaqlar dövlət ehtiyacı üçün alına bilər? - ARAYIŞ
22 aprel 2010 11:45 (UTC +04:00)

Hansı torpaqlar dövlət ehtiyacı üçün alına bilər? - ARAYIŞ

Dövlət ehtiyaclarının nədən ibarət olması və torpaqların geri alınması zamanı kompensasiyanın miqdarının hesablanması yeni qanunla tənzimlənəcək

Vətəndaşların əlində olan sənədsiz torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Bu zaman həmin torpaqların sahiblərinə heç bir halda kompensasiya verilməyəcək.

Lent.az-ın məlumatına görə, bu, bir neçə gün əvvəl Milli Məclisdə qəbul olunan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda nəzərdə tutulub. Belə ki, yeni qanunda sənədi olan torpaqların alınması qarşılığında verilən kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları göstərilir. Qanuna əsasən, dövlət ehtiyacı üçün torpaqlar geri alınarkən yalnız mülkiyyət sənədləri olan mülkiyyətçilərə kompensasiya ödəniləcək.

Yeni qanun həm də dövlət ehtiyaclarının nədən ibarət olması və torpaqların geri alınması zamanı kompensasiyanın miqdarının hesablanması qaydalarını da tənzimləyir. Belə ki, torpaqlar 3 halda dövlət ehtiyacı üçün geri alına bilər: yolların və digər kommunikasiyaların çəkilməsi; sərhəd zonalarının müəyyən edilməsində; müdafiə məqsədilə tikintilərin aparılması məqsədilə. Yəni dövlət ehtiyacı üçün torpaqlar yalnız bu məqsədlərlə alına bilər.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən, torpaq alınarkən onu dəyərləndirmək üçün qiymətləndirmə komissiyası yaradılacaq. Kompensasiyaların ödənilməsində bazar qiymətləri nəzərə alınacaq. Torpaq dövlət tərəfindən geri alınarkən onun yerləşdiyi ərazidə son 3 ay ərzində ən baha satılan torpağın həddi müəyyən ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar