Ali məktəblərə sənəd qəbulu 130 məntəqədə aparılacaq
20 aprel 2010 17:45 (UTC +04:00)

Ali məktəblərə sənəd qəbulu 130 məntəqədə aparılacaq

Təkcə Bakı şəhərindəki təhsil müəssisələrində 22 belə məntəqə fəaliyyət göstərir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən etibarən ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna start verib. Abituriyentlərə kömək məqsədilə bu il bütün bölgələrdə 130-dək Sənəd Qəbulu Komissiyaları (SQK) yaradılıb.

Lent.az-ın məlumatına görə, TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bu gün keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, orta məktəblərin builki məzunları sənədlərini təhsil aldıqları rayonların orta məktəblərində yaradılmış SQK-larda verə bilərlər. Artıq Bakı üzrə 22 belə məntəqə yaradılıb. Əvvəlki illərin məzunları, ali, orta ixtisas təhsili müəssisələrinin məzunları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər ərizələrini bölgələrdəki ali məktəblər də daxil olmaqla müxtəlif ali məktəblərdə yaradılmış SQK-larda verə bilərlər.

Arzu Bağırov bildirib ki, xüsusi təyinatlı ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün də həmin ali məktəblərdə SQK-lar yaradılıb. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən imtahanlar mayın 23-ü və iyunun 20-də keçiriləcək. Mayın 23-də imtahan verən abituriyentlər elektron ərizələrini mayın 14-dək təsdiq etdirməlidirlər.

Xatırladaq ki, ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu mayın 31-dək davam edəcək. İmtahanda iştirak etmək istəyənlər internet vasitəsilə elektron ərizələrini doldurmalı və aprelin 30-dan mayın 31-dək ərizələrini təsdiq etdirməlidir. Sənəd Qəbulu Komissiyaları bazar və bayram günləri istisna olmaqla hər gün saat 9.00-dan 17.00-dək fəaliyyət göstərəcək.

Ali məktəblərin 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar