Magistraturaya sənəd qəbulu başa çatır
19 aprel 2010 16:00 (UTC +04:00)

Magistraturaya sənəd qəbulu başa çatır

Son məlumatlarda 12 min 794 bakalavrın elektron ərizəsini təsdiq etdiyi bildirilir

2010/2011-ci tədri ili üzrə ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu bu gün başa çatır. Sənəd qəbulu üçün verilən müddət saat 17.00-da bitəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, saat 12.00-a olan məlumata görə, hazırda 12 min 794 bakalavr elektron ərizəsini təsdiq etdirib. Ancaq Sənəd Qəbulu Komissiyalarına verilmiş ərizələrin bir çoxu hələ təsdiqlənməyib və gün ərzində təsdiqlənmiş ərizələrin sayının əhəmiyyətli şəkildə artacağı gözlənilir.

Xatırladaq ki, magistraturaya birinci mərhələnin imtahanı mayın 2-də keçiriləcək. Sənəd vermiş bakalvrlar aprelin 29-dan mayın 1-dək elektron ərizələrinə daxil olub imtahana buraxılış vərəqəsini çap edəcəklər.

Magistraturaya qəbul imtahanı iki mərhələdə test üsulu ilə Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Birinci mərhələdə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə yoxlanılır. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verirlər. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar