Müəllimlərin işə qəbulu üçün ərizə qəbulu yekunlaşıb
30 avqust 2010 14:39 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üçün ərizə qəbulu yekunlaşıb

Ümumtəhsil məktəblərində vakant müəllim yerlərinin tutulması ilə bağlı təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə ərizələrin qəbulu başa çatıb. Artıq qeydiyyata alınan ərizələrin təsdiqlənməsi, ləğv olunması, imtahanın vaxtı, yeri və digər məlumatların namizədlərin “Şəxsi kabinet”lərində yerləşdirilməsinə başlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müəllimlərin işə qəbulu üçün vakant yerlərə ərizələrin qəbulu avqustun 20-dən başlayıb və bir həftə davam edib. Şənbə günündən etibarən isə müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizə qəbulu dayandırılıb.

Xatırladaq ki, bu il ilk dəfə olaraq, orta məktəblərdə çalışacaq müəllimlərin işə qəbulu test üsulu ilə aparılacaq. Müəllimlərin işə qəbulunun birinci mərhələsini təşkil edən test imtahanı sentyabrın ilk həftəsində keçiriləcək. Test imtahanında 100 sualdan 80-nə düzgün cavab verənlər ikinci mərhələyə buraxılır. İkinci mərhələdə isə müəllimlərin nəzəri deyil, fərdi keyfiyyətləri, təşkilatçılıq qabiliyyətləri qiymətləndiriləcək.

Hazırda ölkə ərazisində 300-ə yaxın müəllimə ehtiyac var. Bunun 200 nəfəri Bakıdadır. Bu il Bakıda informatika, bədən tərbiyəsi və hərbi hazırlıq, regionlarda isə riyaziyyat, fizika, kimya fənni üzrə müəllimlərə ehtiyac var. Bu il həmçinin ucqar kəndlərə 1000-ə yaxın müəllim göndəriləcək.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqələr tam başa çatdıqdan sonrakı bir həftə ərzində baxılacaq. Bakı şəhərinin ümumtəhsil məktəblərində olan vakant yerlərə namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərinə qeydiyyatının və ali pedaqoji təhsilinin olması nəzərə alınır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2129

Oxşar yazılar