Məktəb yaşlı uşaqlar hərbi gəmi və vertolyotlar hazırlayıb
12 aprel 2010 12:30 (UTC +04:00)

Məktəb yaşlı uşaqlar hərbi gəmi və vertolyotlar hazırlayıb

Hərbi texnika modelləri ictimaiyyətə təqdim olunub

Bu gün Bakıda uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib. Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı keçirilən təbirdə müvafiq qurumların rəhbərləri, millət vəkilləri də iştirak edib.

Lent.az-ın məlumatına görə, sərgidə təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək bildirib ki, müsabiqənin təşkili məqsədlərindən danışıb. O, qeyd edib ki, müsabiqənin əsas məqsədi uşaq və yeniyetmələrinin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunmasıdır.

Nazir müavini bildirib ki, müsabiqədə 8 yaşdan 18 yaşadək uşaq və yeniyetmələr iştirak ediblər. Müsabiqənin zona mərhələsində 300-ə yaxın, respublika mərhələsində isə 45 rayon və şəhərdən 195 nəfər məktəbli iştirak edib. Müsabiqə texniki yaradıcılığın aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnika növləri üzrə 15 nominasiyada keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov isə son illər nazirliyin məktəbdənkənar müəssisələrinin fəaliyyətinə ciddi fikir verdiyini söyləyib: “Bizim əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Həmçinin gənclərin bacarıqlarının üzə çıxarılmasında belə tədbirlərin müstəsna rolu var. Belə müsabiqələr ötən əsrin 40-50-ci illərində də keçirilib. Bu cür müsabiqələrin təşkili ilə uşaqları arzu olunmayan fəaliyyətlərdən çəkindirmək olar”.

Sərginin sonunda təşkilatçılar tərəfindən I, II və III yer tutan iştirakçılar mükafatlandırıblar. Rəsmi hissədən sonra təşkilatı qurumların rəhbərləri gənclərin hazırladığı texniki qurğu və vasitələrə baxış keçirib.

Xatırladaq ki, sərgidə ölkənin müxtəlif bölgələrini təmsil edən gənc və yeniyetmələrin hazırladığı texniki modellər arasında hərbi sənayeyə aid texnika və maşınlar üstünlük təşkil edir. Belə ki, müxtəlif təhsil müəssisələrində təhsil alan şagirdlərin tərbiyy müəssisələrində hazırladıqları hərbi gəmilər, təyyarə və vertolyotlar, yük və piyada maşınları, döyüş maşınları və digər texnikaların modelləri daha böyük marağa səbəb olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar