Ramanada məcburi köçkünlərə tikilən bina hazırdır
09 aprel 2010 13:30 (UTC +04:00)

Ramanada məcburi köçkünlərə tikilən bina hazırdır

Yeni beşmərtəbəli binaya köçürülmə yaxın günlərdə başlanacaq

Bu il Azərbaycanda məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması 310 milyon manat sərf olunacaq. Bunun 203 milyon manatı büdcə, 80 milyon manatı Dövlət Neft Fondunun payına düşür, 27 milyon manatı isə beynəlxalq humanitar təşkilatları tərəfindən ayrılacaq.

Lent.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, məcburi köçkünlər üçün Bakının Ramana qəsəbəsində 70 mənzildən ibarət yeni beşmərtəbəli binanın tikintisi artıq başa çatıb və yaxın günlərdə köçürülmə başlanacaq.

Bu il həmçinin Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün inşa olunan 3 və 5 mərtəbəli binalar da istifadəyə veriləcək. Əli Həsənov deyib ki, həmin binaların tikintisinin yaxın bir-iki ay ərzində başa çatdırılması planlaşdırılır. Onun sözlərinə bu il Yevlaxda da yeni binaların tikintisinə başlanacaq. Ağdamda isə 689 ailə üçün mənzil tikintisi məqsədilə artıq torpaq ayrılıb. Hazırda Qəbələdə də 1 ədəd beşmərtəbəli bina tikilir. Füzulidə inşa olunan Olimpiya İdman Kompleksinin tikintisi bu il başa çatdırılacaq.

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş məcburi köçkünlərin işlə təminatına gəlincə, Əli Həsənov bu məsələdə bəzi problemlərin olduğunu deyib. Onun sözlərinə görə, hazırda özlərindən asılı olmayan səbəblər üzündən iş yerlərini itirmiş və işlə təmin olunmamış 3700-ə yaxın məcburi köçkün var. Nazirlər Kabinetinin qərarı ilə bu şəxslərə orta aylıq əməkhaqqı verilir: “Biz məcbur etmirik, amma onlara iş yerləri təklif edirik ki, çalışsınlar. Bəziləri iş tapıb çalışır, bəziləri isə işləmədən, evində oturub bu pulu almaq istəyir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar