“Başımda “Allah” sözü yazıldığını bilənlərin mənə ümidi xeyli artıb” - MÜSAHİBƏ
29 mart 2010 20:00 (UTC +04:00)

“Başımda “Allah” sözü yazıldığını bilənlərin mənə ümidi xeyli artıb” - MÜSAHİBƏ

Daş-qayaların, ağacların, heyvan dərilərinin, hətta meyvə və yumurta kimi xırda şeylərin üstündə ərəbcə “Allah” kəlməsi yazıldığını dəfələrlə eşitmişik. Yaradan insanları da bu …

Bu günlərdə xəbər vermişdik ki, Gəncə şəhərində yaşayan Anar Əliyev adlı oğlanın da başında ərəb əlifbası ilə “Allah” kəlməsi yazılıb. Hadisənin baş verdiyi şəhərdə olmağım əlimə fürsət verdi. Anarla özüm danışmaq, onun başındakı yazınının doğrudan da ərəbcə “Allah” kəlməsi olub-olmadığının yerinə yetmək istədim.
Açığı, Anarla telefon əlaqəsi yaradanda qarşımda pir, ocaq, və nə bilim bu kimi nəzir “obyekt”i saxlayan bir adamla üzləşəcəyimə əmin idim. Danışıb, razılaşdıq. Məsələni çox da çətinə salmadan, onu özümün də yaşadığım rəfiqəmgilə qonaq çağırdım. Məmnuniyyətlə razı oldu və deyilən vaxtdan hələ bir on beş dəqiqə də əvvəl qapımızı döydü. Baxdım: ədəb-ərkanlı, mərifətli, üzündən-gözündən əməli-salehlik yağan cavan oğlandı. Üzü yüngülvarı saqqallı, əynində-başında qap-qara olmasa da, tox rəngli pal-paltar. Mənimlə, evdəki adamlarla xoş üzlə salamlaşdı, keçib əyləşdi və söhbətimizə başladıq.

“Çox adam dedi ki, “Allah” kəlməsini başına ülgüclə yazıb”

- Anar bəy, bəs indi sizin əsl peşənizin adı nədir?

- Mən mollayam. Məclislərdə oluram. İnsanlara Quranı, Peyğəmbərlərimizin kəlamlarını, hədislərini öyrədirəm, cahillərin gözünü açıram. Əsasən “İmamzada” adlanan ziyarətgahda oluram. Uşaqlıqdan fiziki enerjim çox olduğuna görə, idmançı olmaq istəyirdim. İdmana böyük meylim vardı. Amma Allahın yolu daha cazibədar gəldi.

- Anar, başınızda “Allah” sözünün yazıldığını nə vaxt bildiniz?

- Bilirsiniz, mən on bir yaşımdan İmişlidə dini təhsil alıram. O vaxtdan mənim başımda beş qalın barmaq kimi nəsə vardı. Müəllimim Hacı Səxavət həmişə mənə deyirdi ki, sənin başında beş xətt var. Elə oldu ki, 2006-cı ilin aprelində peyğəmbərimizin mövludu günü başımızı ülgüclə qırxdırası olduq. Yoldaşım başımın şəklini çəkib mənə göstərdi. Gördüm ki, ərəbcə “Allah” kəlməsi yazılıb. İnanmadım. Bu söhbət təzə-təzə yayılanda barmaqarası baxanlar da oldu, biri dedi ki, yalandı, biri dedi ki, başını vuran dəlləyə özü elə tapşırıb ki, orada ülgüclə “Allah” sözü yazsın. Guya mən müqəddəs olmaq istəyirəm, buna görə də bu yola əl atmışam. Amma bu məntiqli deyil axı. Bir də görürsən ağacın, yumurtanın da üstündə ilahi kəlmələr yazılır. Bu o deməkdi ki, ağac da, yumurta da müqəddəs olmaq istəyir?

“Bu hadisədən sonra ətrafdakıların mənə münasibəti dəyişdi”

- Bu hadisədən sonra insanların sizə münasibəti dəyişdimi?

- Çox dəyişdi. Elə öz ailəmdən, qohumlardan, qonşulardan başlamış, hamının münasibəti dəyişdi. Bir az pərdə saxlamağa başladılar, bir az daha təmkinlə davrandılar. Hörmətləri bir az da artdı.

- Özünüzdəki bu özəlliyi necə qəbul edirsiniz? Niyə sizin başınıza “Allah” sözü yazılıb?

- Bəlkə də bu Tanrının mənə göndərdiyi bir missiyadır ki, onun yolunu davam elətdirim, dini təbliğ edim.

- Adətən, belə adamların adı ətrafında rəvayətlər, əfsanələr yaranır. Özləri, evləri ocaqlara, pirlərə, ziyarətgahlara çevrilir. Sizinlə də bu baş verdimi?

- Bir az uzaqdan başlayım. Mənim atamın babası Mirhüseyn ağa İrəvandakı Göy Məscidin vaizi olub. İndi də burada “İmamzada” ziyarət kompleksində bizim öz ocağımız var – Göy ocaq. Bu ocaqda biz hər həftə təmənnasız kimsəsizlərə ehsan veririk. İmkanı olmayanların ölülərini pulsuz, savabına dəfn edirik. O ki qaldı başımdakı “Allah” kəlməsi ilə bağlı, əlbəttə, bunu eşidəndən sonra adamların ümidləri birə-beş artıb. Müxtəlif niyyətlərlə yanıma gələnlər var. Mən də deyirəm ki, ancaq dua edə bilərəm. Başqa heç nə. Dua yazmaq, fal, cadu, bunlar mənlik deyil. Hələ heç vaxt bircə dənə də olsun, dua yazmamışam. Allah-Təala da buyurur ki, belə şeylər günahdır. Mən kiməsə dua edə bilərəm, Allah rəva bilər, şəfasını verər, rəva bilməz, naümid qoyar, mən Tanrının işinə qarışa bilmərəm.

“Qızlarıma hicab örtdürməyəcəm”

- Sizə ən çox hansı problemlərlə müraciət edirlər?

- Hər problemlə: itiyi olan, canı ağrıyan, ailəsində narazılıq yaşayan. Mən də deyirəm ki, yalnız dua eləyə bilərəm. Eləsi olur, gəlir, deyir neçə ildir ailə qurmuşam, övladım olmur. Ocaqda şəfa tapır, övladı olur. Sonra uşağını alıb qucağına, gəlir bizə. Hansının ki, oğlan uşağı olur, atamı kirvə tutur.

- Bəs, ərə getməyən qızlar müraciət eləyir?

- Yox, bizdə mentalitet belədi ki, özləri yanımıza gəlmir. Qohum-əqrəbaları gəlir. Duamızı eləyirik, yalandan nə deyim, ərə gedən də olur, olmayan da…

- Yeri gəlmişkən, sizin qızınız var?

- Şükür Tanrıya. Üç qızım var: Turanəbəyim, Nuranəbəyim, Fatiməbəyim.
Peyğəmbərimiz buyurub ki, hansı müsəlman üç qız övladı böyüdüb, tərbiyə eləsə, böyüdüb, ərə versə, bəri başdan o adam cənnətlikdir. Allahım mənə imkan və səbr versin, o üç qızı böyüdüb, ərə verim, xeyir-dualarını verim.

- Maraqlı bir sual verim sizə: əgər qızlarınız böyüyəndən sonra hicab örtmək istəməsələr, onlara məcbur edəcəksiniz?

- Əsla! Quranda hicab məcburi deyil. Özləri bilərlər, atalarının yolunu getmək istəyərlər, örtərlər. İstəməzlər, mən onları məcbur edə bilmərəm.

- Daha bir sual, əgər başınızdakı bu “Allah” kəlməsinin yazılması sizin öz əlinizdə olsaydı, razı olardınız?

- Yox. Bu o qədər böyük bir məsuliyyətdir ki, mən öz xoşumla bu məsuliyyətin altına girmək istəməzdim. Amma ən düzünü, ən yaxşısını, məsləhətlisini bilən Allahdır. O belə buyurubsa, əstəğfürullah, mən ondan necə imtina edə bilərəm?

Anarla söhbətimiz burada yekunlaşdı. Evdəkilərlə, mənimlə xeyli söhbət elədi. Başındakı işarənin şəklinin çəkməyə dəfələrlə icazə verdi və bundan heç narahat da olmadı. Elə gəldiyi kimi də, ədəb-ərkanla sağollaşıb, getdi...

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar