İctimai Komitə müalicə olunan 37 məhkumla görüşüb
01 mart 2010 19:30 (UTC +04:00)

İctimai Komitə müalicə olunan 37 məhkumla görüşüb

Ədliyyə naziri yanında İctimai Komitənin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. İclas zamanı İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər haqqında məlumat verərək, Komitənin fəaliyyət istiqamətlərinə dair təkliflər əsasında Fəaliyyət Planının layihəsinin hazırlandığını bildirib. O həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində İctimai Komitənin üzvü Şahin Camalov ilə birgə həyata keçirdikləri başçəkmə haqqında məlumat verərək, xəstələrin saxlanma vəziyyəti, personalın iş şəraiti ilə ətraflı tanış olunduğunu, müalicə alan 37 məhkum ilə görüş keçirildiyini, başçəkmənin nəticəsi üzrə müvafiq rəyin Ədliyyə Nazirliyinə təqdim edildiyini diqqətə çatdırıb.

Daha sonra iclasın gündəliyində duran növbəti məsələ - İctimai Komitənin 2010-cu il üzrə Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılıb. Layihə penitensiar müəssisələrdə islah və tərbiyə işlərində iştirak, monitorinq və təlimlərin keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təşkilati işlər və ictimai əlaqələrin qurulması sahəsində 29 istiqamət üzrə tədbirləri əhatə edir. İctimai Komitənin üzvləri Sahib Məmmədov, Səidə Qocamanlı, İradə Cavadova, Zalihə Tahirova, Elmira Ələkbərova, Nazir Quliyev tərəfindən Fəaliyyət Planının layihəsinə müxtəlif təkliflər irəli sürülüb.

İclasda Ədliyyə Nazirliyinin nümayəndələri dəvət olunaraq iştirak edib, Fəaliyyət Planının təkmilləşdirilməsi və icrası ilə bağlı müvafiq təklif və tövsiyələr veriblər.

Sonra İctimai Komitənin 2010-cu il üçün Fəaliyyət Planı müzakirələr zamanı səslənən təkliflər nəzərə alınmaqla qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar