Azərbaycanlının “arvadım bakirə deyildi” iddiası Strasburq Məhkəməsində!
01 mart 2010 19:15 (UTC +04:00)

Azərbaycanlının “arvadım bakirə deyildi” iddiası Strasburq Məhkəməsində!

Bakıda yaşanan, lakin xəbər tutmadığınız ailə dramından dəhşətə gələcəksiniz

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha bir işi icraata götürüb. Lent.az-ın xəbərinə görə, bu, M.R. (şəxsi həyata müdaxilə hesab oluna biləcəyini nəzərə alaraq şəxsin ad və soyadının yalnız baş hərflərini veririk) adlı, 1972-ci ildə anadan olmuş kişidir.

Bakı şəhər sakini olan M.R.-nın azərbaycanlı vəkilinin hazırladığı iddia ərizəsindən belə məlum olur ki, o, 1 sentyabr, 2000-ci ildə evlənib. M.R. həyat yoldaşı ilə təxminən üç ay birlikdə yaşayıblar. İddiaçı bildirir ki, nikahdan üç ay sonra arvadını boşamaq istəyib. Həmin vaxt arvadı artıq hamilə imiş. Lakin M.R. uşağın atası olmadığına əmin imiş. Belə ki, o, toy gecəsi ailə qurduğu qızın bakirə olmadığını bilib. Bundan sarsılan M.R. həmin qadınla nə həmin vaxt, nə də sonra cinsi əlaqədə olmayıb. Bu səbəbdən də, qadının hələ dünyaya gəlmədiyi uşağının atası olmadığına əmin olub. M.R.-nın qənaətincə, arvadı ailə quranadək başqa şəxslə cinsi əlaqədə olub, uşağın atası isə ailə qurandan sonrakı müddətdə qadının yaxınlıq etdiyi şəxsdəndir (həmin şəxslərin əslində eyni adam olduğu ehtimal edilir).

M.R. qadından üç ay sonra ayrılıb. Lakin sənəd üzərində ər-arvad kimi qalıblar. 21 iyun 2001-ci il tarixdə M.R.-nın sənəd üzərində həyat yoldaşı sayılın qadının oğlu olur. Həmin uşaq da sənəd üzərində M.R.-nın oğlu sayılır.


M.R. Əzizbəyov rayon Məhkəməsinə müraciət edərək nikahın etibarsızlığı və atalığın mübahisələndirilməsi barədə qərar çıxarmağı xahiş edib. 27 may 2002-ci il tarixdə Səhiyyə Nazirliyinin eksperti atalıqla bağlı rəyini açıqlayıb. Rəyə əsasən, qadının dünyaya gətirdiyi oğlanın atasının M.R. olması istisna deyil. Yəni, rəydə tam dəqiqlik olmur. 20 may 2003-cü ildə isə Səhiyyə Nazirliyinin ekspertləri DNT analizi nəticəsində dəqiqləşdirib ki, oğlanın atası M.R. deyil.


Əzizbəyov rayon Məhkəməsi iki fərqli ekspertiza rəyini dəqiqləşdirməkdən ötrü növbəti dəfə ekspertiza keçirilməsini istəyib. Səhiyyə Nazirliyinin DNT testi əsasında məhkəməyə təqdim etdiyi rəyə əsasən, uşağın atası M.R. deyil.


DNT testinin nəticələrinə əsaslanan Əzizbəyov rayon Məhkəməsi M.R.-nın uşağın bioloji atası olmadığı qənaətinə gələrək, onun iddiasını təmin edib. Bu, 11 may 2006-cı il tarixdə baş verib.


Lakin qərarla razılaşmayan M.R.-nın ailə qurduğu qadın 4 sentyabr 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Bakı Apelyasiya Məhkəməsi işə həmin baxaraq Əzizbəyov rayon Məhkəməsinin qərarını ləğv edib. 20 noyabr 2007-ci il tarixdə isə Azərbaycan Ali Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bundan sonra isə M.R. Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Məhkəmə işi icraata götürərək Azərbaycan hökumətinə sorğu göndərib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar