Şagirdlərdən hədiyyə tələb edənlər cəzalandırılacaq
01 mart 2010 18:30 (UTC +04:00)

Şagirdlərdən hədiyyə tələb edənlər cəzalandırılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın təhsil ictimaiyyətinə və KİV-lərə müraciət etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bayram ərəfəsində məktəblilərdən hədiyyə tələb olunmasını ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir ki, hər bayram ərəfəsində məktəblərdə hədiyyələr yığılması, müəllimlərin şagirdlər və valideynlər qarşısında müəyyən tələblər qoyması barədə bəzi mətbu orqanlar, elektron KİV-lərdə əsassız xəbərlər verilir və sanki Azərbaycan müəlliminin adına və nüfuzuna xələl gətirmək uğrunda yarış başlayır.

Lent.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, bayram günlərində belə neqativ halların yaranmasında valideynlərin də iştirakı, canfəşanlıqla hədiyyə kampaniyasına qoşulması, bəzən səmimi şəkildə hədiyyə təqdim etmək istəyi məsələni bir qədər də qəlizləşdirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müraciətində deyilir: “Biz hər hansı müəllimin və məktəb rəhbərinin öz nüfuzuna, kollektivin, bütövlükdə yüz mindən artıq müəllimin nüfuzuna xələl gətirəcək hərəkətlərinə heç vaxt müsbət yanaşmamışıq. Lakin bunu böyük bir hadisə kimi qələmə vermək, hər vəchlə müəllim nüfuzuna kölgə salmaq təqdir ediləsi hal deyil. Çünki müəllimin nüfuzdan salınması sonda cəmiyyətin ziyanınadır”.

İdarə indiyədək bu mövzuda yazan müəlliflərə və KİV-lərə müraciət edərək bildirir ki, onların cəmiyyətə təqdim etdiyi mövqedən qazanılan və itirilənlər tərəziyə qoyulsa, itirdiklərimiz daha ağır olacaq: “Ona görə də 3-5 nəfərin hərəkətini bütövlükdə müəllim ordusunun, məktəbin ayağına yazmağa tələsməyin! Unutmayın ki, ulu peyğəmbərimiz “Alim öldü, aləm öldü” deyib. Bu mənada müəllim mənəviyyatını aşağılamaq, məktəbi nüfuzdan salmaq, uşaqlarda məktəbə mənfi münasibət formalaşdırmaq cəmiyyəti məhvə aparan, onu mənəvi cəhətdən aşındıran haldır. Valideyn-şagird-müəllim münasibətlərində ortaya çıxan ən sadə anlaşılmazlıq tədris prosesinin keyfiyyətinə və nəticələrinə çox mənfi təsir göstərir. Unutmaq olmaz ki, müəllim məktəbdə əsas simadır. Onun mənfi obrazını yaratmaq, simasızlaşdırmaq nəticədə illərlə düzəldilməsi mümkün olmayan problemə çevrilə bilər”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaranmış vəziyyətdən təəssüflənir və məktəblərdə hədiyyələrin tələb olunmasına birmənalı şəkildə yol verilmədiyini bəyan edir. Həmçinin idarənin yarandığı gündən bu istiqamətdə ciddi mübarizə apardığı, hər hansı neqativ hərəkətə vaxtında və obyektiv qiymət verildiyi qeyd olunur.

Müraciət bu cümlələrlə bitir: “Biz bütün cəmiyyəti, o cümlədən KİV-ləri, valideynləri bizimlə əməkdaşlığa çağırır, əmin edirik ki, hər bir məlumat dərhal araşdırılacaq və ciddi tədbir görüləcək”.

Xatırladaq ki, bu məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “qaynar xətt” yaradılıb. Bayram ərəfəsində şagirdlərdən hədiyyə tələb edənlər barədə (012) 441-06-99 saylı telefonlara zəng vurmaq xahiş olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar