TQDK-nın səlahiyyətləri genişləndirilib
24 fevral 2010 16:15 (UTC +04:00)

TQDK-nın səlahiyyətləri genişləndirilib

Azərbaycan təhsilində islahatların aparılması üçün elmi araşdırmaları aparmaq bu quruma həvalə olunub

“Dünən prezident tərəfindən bizə ünvanlanan sərəncam imzalanıb. “Təhsil haqqında” qanunun 29-cu maddəsində tələbə-məzun dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadəni təmin etmək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub. Həmçinin “Təhsil haqqında” qanun tətbiq edilməsi barədə ölkə başçısının 2009-cu il 5 sentyabr tarixli 156 saylı fərmanına əsasən, tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında TQDK-nın hazırladığı əsasnamə də təsdiq olunub”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, təhsil sahəsində həyata keçirilən islahatların təhsilin keyfiyyətinə təsirinin təhlili, bu islahatların keçirilməsi üçün real vəziyyəti əks etdirən statistik araşdırmaların aparılmasının təmin edilməsi üçün vahid elektron məlumat sisteminin yaradılması zəruridir. Onun sözlərinə görə, belə bir məlumatı sistemi TQDK-da 1992-ci ildən başlayaraq formalaşıb: “Orada ali və torta ixtisas məktəblərinə sənəd vermiş hər bir abituriyent barədə məlumatlar toplanıb. İndi elektron bazanın necə idarə olunması, bu məlumatların nə formada olacağı sənəddə əksini tapıb”.

Məleykə Abbaszadə deyib ki, bəzi dövlət təşkilatlarına bu bazaya daxil olmaq imkanı veriləcək. Bunlar Prezident Administrasiyası, Mili Məclis, Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi və Prezident yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiyasıdır. TQDK sədrinin fikrincə, bu baza 1,5 milyon azərbaycanlı haqqında məlumatları özündə əks etdirir.

“Beləliklə də biz Azərbaycan təhsilində islahatların aparılmasını düzgün qiymətləndirmək üçün elmi əsasları olan müvafiq araşdırmaları aparmaq üçün kifayət qədər səlahiyyətə malikik. Bu, bizim işimizi bir qədər çətinləşdirir. Amma bu. Bizə imkan verir ki, gələcəkdə təhsildə hansısa islahatlar aparılarkən düzgün məlumata əsaslanan qərarlar qəbul olunsun” - deyə, Məleykə Abbaszadə vurğulayıb


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar