“Azərbaycan” Nəşriyyatıyla “Azəriqaz” arasındakı məhkəmə çəkişməsi başa çatdı
23 fevral 2010 17:45 (UTC +04:00)

“Azərbaycan” Nəşriyyatıyla “Azəriqaz” arasındakı məhkəmə çəkişməsi başa çatdı

“Azərbaycan” Nəşriyyatı ilə “Azəriqaz” İstehsalat Birliyi arasında olan məhkəmə çəkişməsi nəticəsiz başa çatıb. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Hakim Elmira Nağıyev əvvəlki instansiya məhkəməsinin qətnaməni ləğv edib, iddia ərizəsini isə baxılmamış saxlayıb. Buna səbəb məhkəməyə müraciət edilməsilə bağlı sənədlərin tam qaydasında olmaması olub.

Qeyd edək ki, Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinin (“Bakqaz”) Yasamal rayon Qaz İstismarı İdarəsi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək nəşriyyatı 20 ildən artıq müddətdir, təbii qazla təchiz etdiyini, lakin sonuncunun istehlak etdiyi qazın dəyərini tam olaraq ödəmədiyindən onun 01.01.98-ci il tarixdən 01.09.2008-ci il tarixədək 235 484 manat məbləğində qalıq borcu yarandığını bildirib.

İddiaçı qeyd edilən borcun ödənilməsi məqsədilə cavabdehə xəbərdarlıq etsə də, borc
ödənilməmiş qaldığından, hazırkı iddia ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən, yəni 3 302 manat hissəsində təmin edilməsi,
22 104 manat hissəsində icraata xitam verilməsi və qalan hissədə rədd edilməsi haqqında qətnamə qəbul edilib.

Bakı Apelyasiya Məhkəməsi isə həmin qətnaməni qismən, yəni iddianın 22 104 manat hissəsində icraata xitam verilməsi və qalan hissədə rədd edilməsi hissələrində ləğv edib. həmin hissələrdə, yəni 232 181 manat məbləğində iddia tələbini təmin edib.


Bu nəticəylə razılaşmayan idarə bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə də öz növbəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyi qənaətilə işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Proses müddətində Yasamal rayon Qaz İstismarı İdarəsinin əvəzinə iddiaçı qismində “Bakqaz” çıxış edib. “Bakqaz” ləğv olunduqdan sonra isə bu qurumu “Azəriqaz” İB əvəz edirdi.

“Azəriqaz” İB “Azərbaycan” Nəşriyyatından 235 484 manat borcun ödənilməsini tələb edirdi. Qurumun yenidən məhkəməyə müraciət edəcəyi gözlənilir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar