Azərbaycanda pullu avtomobil yolları çəkilir
20 fevral 2010 19:00 (UTC +04:00)

Azərbaycanda pullu avtomobil yolları çəkilir

Azərbaycanda bir neçə istiqamətdə pullu avtomobil yollarının tikintisi layihəsi hazırlanır. Lent.az-ın Nəqliyyat Nazirliyindən əldə etdiyi məlumata görə, bu il həmin layihələrdən birinin başlanması planlaşdırılır.

Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, hazırda iki layihə diqqət mərkəzindədir. Həmin layihələr üzrə Nəqliyyat Nazirliyinin müvafiq strukturları Koreya, İsrail və ABŞ şirkətləri ilə müzakirələr aparır. Bu layihələrdən birincisi və cari ildə start verilməsi planlaşdırılan Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (keçmiş Nasosnı) qəsəbəsindən Ələtə qədər olacaq avtomobil magistralı, digəri isə İpək Yoluna paralel Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq yeni, beton örtüklü avtomobil magistralıdır. Sumqayıt-Ələt pullu avtomobil yolunun layihəsi üzərində müzakirələr il yarım əvvəl başlayıb. Yol boş ərazilərlə, dövlətin balansında olan torpaqlardan keçməklə çəkiləcək və bu yolda sürətin minimum 100 km/saatdan yüksək olacağı gözlənilir. Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq avtomobil yolunun tikintisi isə hazırda ilkin müzakirələr ərəfəsindədir. Hazırda adı açıqlanmayan, ABŞ-ın məşhur bir şirkəti yolun tikintisini maliyyələşdirməyə və bu layihədə iştiraka marağını ifadə edib. Xarici şirkətlərin bilavasitə investisiya qoyuluşları ilə inşa olunacaq bu yolların ən uzağı 2015-ci ilədək tikilib istifadəyə verilməsi planlaşdırılır.

Nazirlik əməkdaşı onu da əlavə edib ki, pullu yollarda qəza və ya qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri istisna edilməklə yol polisləri olmayacaq. Yola nəzarət müxtəlif ərazilərə qurulmuş videomüşahidə sistemləri ilə həyata keçiriləcək. Yolda baş verəcək hadisələr zamanı xilasetmə işləri həyata keçirmək üçün xüsusi xidmət sistemi yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar