Azərbaycanda boşanmaların sayı artıb
16 fevral 2010 11:00 (UTC +04:00)

Azərbaycanda boşanmaların sayı artıb

“Ötən il dünyaya gələn 155 min körpənin 26 min nəfəri nikahdankənar doğulub”


“Qızların nikaha girmə yaşının qaldırılması ilə bağlı məsələ Milli Məclisin gündəmində olan müzakirə mövzularından biridir. Bu müzakirələrdə təkcə deputatlar deyil, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edirlər. Bəzi şəxslər nikah yaşının 16-17 yaş həddində saxlanmasına tərəfdardır, digərləri isə bu yaş həddini 18-ə qaldırmağı təklif edir. Bununla bağlı fikirlər haçalanır”.


APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib. Onun sözlərinə görə, müzakirə olunan bu məsələ ilə bağlı komitənin öz fikirləri var: “Biz bu gün Ailə Məcəlləsinə 40-dək dəyişiklik və əlavələr etməyi planlaşdırırıq. Burada mübahisəli məqamlar var. Onlardan biri qızların nikaha girmə yaşına qoyulan hədlə bağlıdır. Biz hesab edirik ki, bu yaş həddi 18-ə qaldırılmalıdır. Bugünkü müşahidələri aparan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizim bu mövqeyimizi bölüşür. Biz bu məsələni parlamentin müzakirəsinə çıxarmaq niyyətindəyik. Və o zaman siz görəcəksiniz ki, bu məsələ ilə bağlı fikirlər çox fərqlidir və hər tərəfin öz arqumentləri var. Lakin şəxsən mən hesab edirəm ki, yaş həddinin 18-ə qaldırılması daha sivil addımdır və günün reallıqlarına cavab verir. Lakin burada iki istisna ola bilər – qızın hamiləliyi və uşaq doğulması”.


Hadı Rəcəbli narahatlıq doğuran bəzi statistik məlumatlar da açıqlayıb: “Ötən il Azərbaycanda bağlanan 90 min nikahdan 5 mini erkən nikahların payına düşür. Bu, çox narahatlıq doğuran faktdır. Digər tərəfdən əgər 2002-ci ildə nikaha girənlərin 5 faizi sonradan boşanırdısa, 2009-cu ildə bu rəqəm 10 faizə çatıb, yəni iki dəfə çoxalıb. Ötən il dünyaya gələn 155 min körpənin 26 min nəfəri nikahdankənar doğulub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar