Adamların evini söküb, vaqonlara ev tikirlər
11 fevral 2010 12:15 (UTC +04:00)

Adamların evini söküb, vaqonlara ev tikirlər

Bakı Metropoliteninin “DEPO”sunu 200-dək ailənin evlərinin sökülməsi hesabına tikmək istəyirlər

“İki dayım oğlu, iki dayım, bacım, bibim oğlu, əmimin qızı, nəvəsi bu qəbiristanlıqda dəfn olunub. Biz bunları çıxarıb hara aparaq? Gördüyünüz bu cərgədəki 7-8 qəbirin hamısı bir ailənin üzvləridir. Belə bir söz var ki, filankəs gorbagor oldu. İndi bizim başımıza belə bir iş gəlib. Bizə deyirlər ki, qəbirdəki ölülərinizi çıxarın, aparın başqa yerdə dəfn edin”.

Cəbrayıl rayonunun Qaracalı kəndindən məcburi köçkün Möhübbət Seyidəliyev ailəsi ilə birlikdə “9-cu mikrorayon”da istifadəsi yarımçıq qalmış binada yaşasa da, dünyasını dəyişmiş yaxınları Rəsulzadə qəsəbəsindəki 3126-cı məhəllədəki qəbiristanlıqda dəfn olunub. Amma Rəsulzadə qəsəbəsindəki 3126-cı məhəllədə 200-ə yaxın fərdi yaşayış evləri ilə yanaşı ərazidəki qəbiristanlıq da Bakı Metropoliteninin planına düşüb. İndi həmin ərazidə Bakı Metropolitenin “DEPO”su tikildiyinə görə, buradakı evləri və qəbiristanlığı sökmək istəyirlər. Amma burada yaşayan 200-ə yaxın ailənin hara və necə köçürüləcəyi bəlli deyil. Sadəcə onlara “ərazini tərk edin” komandası gəlib. Daha dəqiqi, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun imzası ilə sakinlərə ərazini boşaltmaq barədə xəbərdarlıq məktubu gəlib. 40N-10/5-168 saylı məktubda deyilir ki, qeyd olunan ərazi Bakı Soveti Xalq Deputatları tərəfindən 1986-cı ildə “Dərnəgül” elektrik deposunun tikintisi üçün ayrılıb: “Artıq həmin ərazidə tikinti işlərinə başlanıb. Dəfələrlə etdiyimiz xəbərdarlıqları nəzərə alaraq, xahiş edirik, yaxın vaxtlarda ərazini boşaldasınız”.

Bu gün biz həmin ünvana yollananda olarkən məsələnin ciddiləşdiyinin şahidi olduq. Artıq tikilməkdə olan “Müşfiq” stansiyası ərazisindən qazılan torpaqlar “KAMAZ”larla “DEPO”nun tikiləcəyi yerə daşınır. Həmin torpaqlar isə ağır texnikanın köməyi ilə ətrafa yayılır. Artıq yaşayış sahəsinə gedən yeganə avtomobil yolu, evlərin həyətləri kənardan gətirilən torpağın altında qalmaq həddinə çatıb. Təxminən 100-dək sakin isə evlərin qarşısında dayanıb, tikinti meydanına tamaşa edir. Bir qədər sonra məlum olur ki, bu insanların burada toplaşmaqda məqsədləri var: evlərini sökülmək təhlükəsindən qurtarmaq üçün atacaqları addımları müzakirə edirdilər.

Sakinləri özlərindən çox yaxınlıqdakı qəbiristanlıqdakı ölülülərinin hara və necə köçürüləcəyi narahat edir. Çünki iki gün əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədov televiziya kanallarındakı çıxışında qəbiristanlığın ölü sahiblərinin razılığı ilə köçürüldüyünə dair ictimaiyyətə düzgün olmayan məlumat verib.

“Tağı müəllim yalan danışır”

Cəbrayıl rayonundan məcburi köçkün Dadaş Hacıyev isə Tağı Əhmədovun dediklərini təkzib edir: “Tağı müəllim dedi ki, guya sakinlər qəbiristanlıqdakı bəzi qəbirləri özxoşuna köçürürlər. Amma bunların hamısı yalandır, bu qəbiristanlıqdakı qəbirlərin heç biri köçürülməyib. Nəyə görə dövlət başçısına yalan məlumat verirlər? Biz dövlət başçısından, əlaqədar qurumların rəhbərlərindən xahiş edirik ki, bu məsələni ədalətli həll etsinlər. Bu ərazi təzə məhəllə deyil, qəbiristanlıqda 1937-ci ildə salınmış qəbirlər var. Evlərin çoxu 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında tikilib, hamısının da sənədləri var”.

Dadaş Hacıyev deyir ki, onlar Bakı Metropoliteninin “DEPO” tikməsinə etiraz etmirlər. Amma bunun üçün qanuni sənədləri olan 200-dək evi, 70 ildən çox yaşı olan qəbiristanlığı sökmək əvəzinə yaxınlıqdakı boş sahədən istifadə olunsun: “Bir var 200-dək evi, böyük qəbiristanlığı söküb yerində nəsə tikəsən, bir də var bu işi hazır boş sahədə görəsən. Onsuz da bu qədər əhalini köçürsələr, yəqin kompensasiya verəcəklər. Çünki evlər qanuni tikilib. Amma bu qədər xərc çəkib camaatı köçürməkdənsə, “DEPO”nu bir az aralıdakı boş sahədə tikmək həm dövlət, həm də insanlar üçün daha sərfəlidir”.

Əmanət ölüləri də köçürmək istəyirlər

Cəbrayıldan olan məcburi köçkünləri narahat edən ən ciddi problem qəbiristanlığın sökülməsi məsələsidir. Dadaş Hacıyev deyir ki, ölülərinin yatdığı qəbiristanlığı sökmək onlar üçün çox ağırdır: “Ölülərimiz burda əmanətdir, yəqin ki, öz torpaqlarımıza qayıdanda götürüb aparacağıq. Burada elə ölülər var ki, hələ “qırx”ı çıxmayıb. Əlaqədar qurumlardan xahiş edirik ki, bu məsələdə bizə yardım etsinlər. Çünki nə bu qəbiristanlıq, nə də buradakı evlər özbaşına tikilməyib. Əgər “DEPO” tikmək istəyirlərsə, bu işi yaxınlıqdakı qanunsuz evlərin yerində, yaxud da boş sahədə görsünlər”.

Sənədlər mülkiyyətçilərin xeyrinədir

Xatırladaq ki, burada yaşayanların ailələrin cəmi bir neçəsi məcburi köçkündür. Əsasən, Qərbi Azərbaycandan, Şamaxıdan, Kürdəmirdən və digər rayonlardan olan sakinlər burada 1992-ci ildən sonra məskunlaşmağa başlayıb. Mülk sahiblərinin böyük əksəriyyəti fərdi mənzil tikintisi üçün aldığı torpağa görə büdcəyə ödəniş də edib. Məsələn, Qərbi Ermənistanın Sisyan rayonundan olan Məleykə Atakişizadə 2004-cü ildə Rəsulzadə bələdiyyəsindən aldığı 6 sot həyətyanı torpaq sahəsinə görə 12 milyon 480 min manat ödəyib. Binəqədi Rayon İcra Hakimiyyəti isə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə rəsmən sərəncam verib. Hətta yaşayış sahəsinin eskizi, ərazinin planı rayonun baş memarı və ərazi üzrə bələdiyyə sədrinin imzası və möhürü ilə təsdiqlənib.

Buna baxmayaraq, Bakı Metropoliteni yaşayış sahəsinin boşaldılması tələbindən geri çəkilmək istəmir. Baxmayaraq ki, sakinlər baş verənlərlə bağlı bir neçə dəfə prezident İlham Əliyevə, Nazirlər Kabinetinə və digər qurumlara müraciət də ediblər. Ölkə başçısına vurulan teleqramdan sonra isə evlərin söküləcəyinə dair sakinlərə xəbərdarlıq məktubu verilib.

Sədrəddin adlı sakin deyir ki, Bakı Metropoliteni həmin xəbərdarlıq məktubunu acıqca göndərdiyi qənaətindədir. Onun sözlərinə görə, sakinlər hər dəfə müvafiq qurumlara müraciət edəndə həmin məktublar Bakı Metropoliteninə göndərilir. Metropoliten isə bundan acığa düşərək daha sərt tədbirlərə əl atır: “Bizim Prezident Administrasiyasına müraciətimizə cavab olaraq Bakı Metropoliteni xəbərdarlıq edib ki, ərazini boşaldaq. Onlar bu yolla bizi qorxudurlar ki, heç kimə müraciət etməyək. Amma biz ölkə başçısına müraciət edərik ki, mənzil və yaşayış hüququmuzun pozulmasının qarşısını alsın”.

Müsahibimiz deyir ki, 3126-cı məhəllədə sökülməsi nəzərdə tutulan 188 evdə 1500-dən çox Azərbaycan vətəndaşı yaşayır. Burada bütün kommunikasiya xətləri rayon İcra Hakimiyyəti tərəfindən təmin olunub: “Bu gün həmin 188 ailə min bir əzab-əziyyətlə burada özünə şərait yaradıb, rəsmi qurumlar, hətta məhkəmə orqanları da insanların yaşayış hüququn tanıyıb. Ölkə başçısı imkansız ailələrə ev verir, onları lazımi mənzil şəraiti ilə təmin edir. Amma Tağı Əhmədov qoyunu canavara göstərib qorxudan kimi, iki gündən bir televiziyaya çıxıb deyir ki, gəlirik evlərinizi sökməyə. Artıq bezmişik, son bir ildə 3 nəfər infarktdan, təzyiqdən dünyasını dəyişib. Bunların hamısı qorxudan, həyəcandandır. Bu insanları nə qədər qorxu altında saxlamaq olar? Ona görə də sizin vasitənizlə prezidentə çatdırırıq ki, bizi bu bəladan qurtarsın”.

Sədrəddin bildirir ki, burada məskunlaşan ailələrin 90 faizinin mülkiyyət sənədləri var. Bu sənədlər Binəqədi Rayon İcra Hakimiyyəti və Rəsulzadə qəsəbə bələdiyyəsi tərəfindən rəsmən təsdiqlənib. Müsahibimiz bələdiyyə sədrinin müavini Sabir Hüseynovun imzası ilə sakinlər göndərilən məktubların birini bizə təqdim edir. Sənəddə göstərilir ki, 3126-cı məhəllədə 66-sı məcburi köçkün ailəsi olmaqla 262 ailə tərəfindən inşa olunmuş fərdi yaşayış evləri bələdiyyə yaranandan əvvəl (yəni 1999-cu ildən – E.S) tikilib: “...Ərazidə yaşayış sahələri sənədləşdirilən zaman Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq, ərazinin planı və tikintinin layihəsi Binəqədi RİH tərəfindən razılaşdırılıb”.

“Tağı müəllim danışanda az qaldı qızım infarkt keçirsin”

Sakinlərlə söhbət edərkən qadınlardan birinin kənara çəkilib ağlaması diqqətimizi çəkirik. Ona yaxınlaşıb niyə ağladığının səbəbini soruşuruq. Məlum olur ki, Səbirə Abdullayeva da evinin söküləcəyi barədə xəbərdarlıq alan 188 ailədən birinin nümayəndəsidir: “Mən buradakı 5 otaqlı evimdə 1992-ci ildən yaşayıram. İndən sonra mənim gedib haradasa məskunlaşmağa halım yoxdur. Mənim cəmi bir övladım var, qız uşağıdır. O günü Tağı müəllim televiziyada danışanda az qaldı ki, infarkt keçirsin...”

Səbirə xala hıçqırığını poza bilmir. Danışmaq istəyir, amma qəhər onu boğur. “Allaha and olsun, mən ona təskinlik verirəm ki, bala, qorxma, bizi evsiz qoymazlar. Bir həftədir ki, Tağı müəllim danışır, bizi köçürəcəyini deyir, qorxudan-həyəcandan evimizdə yata da bilmirik. 20 yaşında övladımın stress keçirməsi nəyə dəyər?! Bəlkə də biz gedib Qarabağda yaşaya bilərik, amma bizi bu qədər həyəcanlandırmasınlar” deyir.

Məskunlaşmaya icra başçısı özü nəzarət edib

Başqa bir sakin, Talıb Hüseynov isə haqlı olaraq bir suala cavab istəyir. Müsahibimiz deyir ki, bu ərazi həqiqətən də Bakı Metropoliteninin tikinti planına daxil idisə, onda niyə burada ev tikintisinə icazə verilib? Əvvəllər “Azadlıq prospekti” stansiyasının yaxınlığında yaşayan müsahibimiz deyir ki, onları bura Binəqədi Rayon İcra hakimiyyətinin keçmiş rəhbəri Hüseyn köçürüb: “O özü bizi gətirib bura tökəndən sonra şəxsən mənə dedi ki, 20 min dollarlıq yer vermişəm, istəyirsən ev tik yaşa, istəyirsən də çöldə qal. Mən də varımı-yoxumu, olan-olmazımı töküb bir ev tikmişəm. Bura doğrudan da “DEPO”nun yeri idisə, rayonun yiyəsi camaatı niyə bura köçürürdü? İkinci bir tərəfdən, bu ərazi zəbt olunubsa, niyə bu qədər evin birinin sahibinə cinayət işi qaldırılmayıb? Ona gəlib deyərdilər ki, bura “DEPO”nun yeridir, tikilməyin! İndiyədək belə deyən olmayıb, indi Tağı müəllim çıxıb deyir ki, söküb-dağıdacağam, uçuracağam. Amma biz qanuni ev tikmişik, bizim də yaşamaq hüququmuz var və bu hüququ rayon icra hakimiyyəti də tanıyıb. Hamımızın əlimizdə torpağın alqı-satqısı, evlərin tikintisi barədə sənədlər var”.

Sakinlər bu məsələ ilə bağlı insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilə də görüşdüklərini deyirlər. Elmira xanım sakinlərin mülkiyyət sənədləri ilə tanış olduqdan sonra onlara mülkiyyət hüquqlarının qorunacağına dair vəd verib.

...Sakinlərlə söhbətimizi başa vurub ərazini tərk edəndə nahar vaxtı idi. Amma Bakı Metropoliteninin ərazidə çalışan işçiləri nahar fasiləsinə çıxmamışdılar, onlar “Müşfiq” stansiyası ərazisindən qazılan torpaqları “KAMAZ”larla “DEPO”nun tikiləcəyi yerə daşımaqda davam edirdilər. Dar və palçıqlı yollarla hərəkət edən yükdaşıyan texnikanın sürüsü hətta şəhərə tərəf istiqamət götürən iki qadının yoldan keçməsinə belə, aman vermək istəmir. “KAMAZ”ın təkərləri altından ətrafa yayılan duru palçıq piyada qadınların üst-başına yayılır. Onlardan biri əlini “KAMAZ”ın başını şüşüədən çıxaran sürücüsünə tərəf uzadaraq “Allah sizə insaf versin, yoldan keçməyə də imkan vermirsiniz” deyir.

Allah haqsızlıq edənlərin hamısına insaf versin!...

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar