Lənkəranda onkoloji xəstələrin sayı artıb
11 fevral 2010 10:15 (UTC +04:00)

Lənkəranda onkoloji xəstələrin sayı artıb

Lənkəran rayonlararası onkoloji xəstəxanasında hazırda xərçəng xəstəliyindən əziyyət çəkən 360 nəfər xəstə qeydiyyatdadır. Bu barədə Lent.az-a xəstəxananın baş həkimi Əli Əliyev məlumat verib. O, bildirib ki, 2009-cu il yanvarın 1-dək bu göstərici 351 təşkil edib. Ötən il qeydiyyata götürənlərin sayı 163 nəfər olub ki bu da 2008-ci illə müqayisədə 10 nəfər çoxdur.

Lənkəranda ümumilikdə qeydiyyatda olan 360 nəfərin 217-si, ötən il qeydiyyata götürən 163 nəfərin 80-i qadındır.

Xəstəliyin artması səbəbini baş həkim belə izah ediib: “Müayinə metodlarının sayının artması, insanların profilaktik müayinəyə daha çox gəlmələri aşkarlanma faizinin çoxalmasına gətirib çıxarır. Xəstəliyin geniş yayılmasının digər səbəbləri düzgün qidalanmama, gərginlik, stress hallarının artmasıdır. Ətraf mühitin zərərli amillərinin immun sisteminə mənfi təsiri də müqaviməti aşağı salır”.

Ümumilikdə Lənkəranda 147 nəfər, 2009-cu ildə isə 65 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Ə.Əliyev mədə, süd vəziləri, ağciyər xərçəngi xəstələrin çoxluq təşkil etdiyini bildirib: “Xroniki xora, düyünlü mastopatiya, zədələr, süd vəzilərində törəmələrin əmələ gəlməsi, bu xəstəliklərin vaxtında müalicə olunmaması və ya özbaşına müalicə aparılması xərçəng xəstəliyinə gətirib çıxara bilir”.

Pərvanə Əli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar