Türkiyəli sonuncu imam Azərbaycanı tərk edir
08 fevral 2010 16:30 (UTC +04:00)

Türkiyəli sonuncu imam Azərbaycanı tərk edir

“İlahiyyat fakültəsi” məscidinin imamı apreldə ölkədən gedəcək

Azərbaycandakı məscidlərdə fəaliyyət göstərən türkiyəli imamlardan sonuncusu - Bakıdakı “İlahiyyat fakültəsi” məscidinin imamı İbrahim Memiş təxminən iki ay sonra ölkəni birdəfəlik tərk edəcək.


Bu barədə Lent.az-a adının çəkilməsini istəməyən məscid nümayəndələrindən biri məlumat verib.


“İlahiyyat fakültəsi” məscidinin imamı İbrahim Memiş Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib. Azərbaycandakı səlahiyyət müddətinin aprel ayında bitdiyini deyən İ.Memiş həmin ayın sonlarında ölkəni tərk edəcəyini bildirib: “Mən Azərbaycana Türkiyənin Qars şəhərindən gəlmişdim. O vaxt bizə görəv verilərkən özüm Azərbaycanı seçmişdim. Çünki Qarsda da azərbaycanlılar yaşayır. Elə buradan da Qarsa gedib fəaliyyətimi orada davam etdirəcəyəm”.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş şöbəsinin müdiri Gündüz İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında olan razılaşmaya əsasən, ölkədəki bəzi məscidlərdə, xüsusilə Türkiyə Diyanət İşləri Başqanlığı, Diyanət İşləri Vəqfi tərəfindən inşa olunan məscidlərdə görəvli imam vəzifəsində qardaş ölkənin vətəndaşları olan mütəxəssislər fəaliyyət göstərib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan və Türkiyə tərəflərinin apardığı müzakirə və məsləhətləşmələr nəticəsində belə qərar qəbul edildi ki, bu görəvli imamların fəaliyyət müddəti başa çatdıqdan sonra onlar yenilərilə əvəz edilməsinlər. Təbii ki, hər iki tərəfin razılığı əsasında bu prinsip qəbul edildi və artıq bir neçə ildir ki, prinsipə əməl olunur. Yəni, fəaliyyət müddəti başa çatan görəvli türk imamları yenilərilə əvəz edilmir. Bu razılaşmaya uyğun olaraq, bir neçə məsciddə, məsələn, Saatlı rayonunun Şirinbəyli qəsəbəsində, Zaqatala rayonunun qəsəbələrinin birində, Qusar şəhərindəki məsciddə, Ağdaş rayonunun Ləki qəsəbəsindəki “Ağ məscid”də fəaliyyət göstərən görəvli imamlar fəaliyyət müddətləri başa çatdıqdan sonra geri qayıdıb və onlar yenilərilə əvəz edilməyib. Bunlara Ceyranbatan, Qaraçuxur və Mehdiabaddakı türk məscidləri də daxildir. Hazırda Azərbaycanda görəvli imam kimi fəaliyyət göstərən bir nəfər Türkiyə vətəndaşı var ki, onun da fəaliyyət müddəti başa çatdıqdan sonra yenisilə əvəz edilməyəcək”.


G.İsmayılov türkiyəli imamların azərbaycanlı axundlar tərəfindən əvəzləndiyini bildirib. Axundlarl isə bu vəzifəyə Qafqaz Müsəlmanları İdarəsi təyin edir.


Xatırladaq ki, türkiyəli imam İbrahim Memişin məscidin yaxınlığında evi də olub. Onun evi keçən il “buradan yol çəkiləcək” adıyla sökülüb. “İlahiyyat fakültəsi” məscidi BDU-nun “Tələbə şəhərciyi”ndə yerləyşir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar