Qatarla gedənlər 10 saat sonra mənzilbaşına çatdı
05 fevral 2010 18:00 (UTC +04:00)

Qatarla gedənlər 10 saat sonra mənzilbaşına çatdı

Bakıdan Bərdəyə gedən sərnişin qatarı saat 16.00 radələrində mənzil başına çatıb. Bu barədə Lent.az-a sərnişinlərdən biri məlumat verib. Sərnişin bildirib ki, onlar Bərdəyə normal vaxtdan təxminən 10-11 saat gec çatıblar: “Bir teplovoz gəlib qatarı apardı. Yevlaxda düşüb bir qədər yemək və su aldıq. Qatarda yas yerinə gedənlər və hərbi hissəyə qayıdan əsgərlər var idi. Ən çox onlar problem yaşadı”.

Bakıdan Qazaxa gedən qatarın sərnişini isə 17.00 radələrində mənzil başına – Tovuza çatıb. Sərnişinin Lent.az-a bildirdiyinə görə, qatarın hərəkətində təxminən 10 saatlıq gecikmə olub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bu gün səhər yaydığı məlumatda da qatarların hərəkətində fasilələr və gecikmələr olduğu etiraf edilib. Lakin konkret neçə qatarın yollarda dayandığı bildirilməyib. QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar ayının 4-dən 5-nə keçən gecə yağan güclü qar nəticəsində dəmir yolunda qatarların hərəkətində müəyyən fasilələr yaranıb: “Fövqəladə situasiya yarandığına halda respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkətinə surət məhdudiyyəti qoyulur. Məhz bu səbəbdən sərnişin qatarlarının mənzil başına və geriyə hərəkətində müəyyən gecikmələr qeydə alınır”.

Məlumatda bildirilib ki, bu gün Şimal istiqamətində hərəkət edən 55-56 saylı Bakı–Moskva (saat 19-50-də), 373-374 saylı Bakı-Tümen (saat 17.00-da) sərnişin qatarları cədvəl üzrə yola duşəcək və 373-374 saylı Bakı-Tümen sərnişin qatarı cədvəl üzrə saat 18.37-də Bakıya gələcək: “Yerli istiqamətdə hərəkət edən sərnişin qatarları Bakıdan cədvəl üzrə yola düşəcək. Havaların kəskin dəyişməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsi işləri həyata keçirilir”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar