Şahdağa elmi ekspedisiya
26 avqust 2010 17:15 (UTC +04:00)

Şahdağa elmi ekspedisiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi Şahdağ Yüksək Dağlıq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya təşkil ediblər. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 3 gün davam edən ekspedisiya dövründə Mərkəzin əməkdaşlarına müasir cihazlarla işləmək prinsipi və təlimatlara uyğun meteoroloji, hidroloji, qlyasioloji müşahidələrin aparılması üçün metodiki yardım göstərilib. Ekspedisiya üzvləri yüksək dağlıq ərazilərin iqlim-hava şəraiti üzərində müşahidələrin təşkili və aparılmasını, iqlimin dəyişmə dinamikasını, iqlim-hava şəraitini öyrəniblər.

Mütəxəssislər eyni zamanda, yüksək dağlıq ərazilərdə qar-buz örtüyü üzərində hidroloji, qlyasioloji, meteoroloji müşahidələrin aparılma metodikası və müşahidə nəticələrinin işlənməsinə dair lazımi təlimatların verilməsini, müasir iqlim dəyişmələri fonunda qar-buz örtüyünün dəyişmə dinamikasını tədqiq ediblər. Ekspedisiya zamanı mütəxəssislər ərazi çaylarında axının formalaşması, rejim xüsusiyyətlərinin öyrənilməsi, çay-su ehtiyatlarının və çayların qidalanmasında buzlaqların rolunun qiymətləndirilməsi üzərində tədqiqat işləri aparıblar.

Nazirlikdə bildirirlər ki, əldə olunan hidrometeoroloji məlumatlardan Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun elmi işlərində istifadə olunacaq. Analoji ekspedisiyalar institutun mütəxəssisləri tərəfindən gələcəkdə də davam etdiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar