“Binəqədidəki qəbirlərin köçürülməsini mən tələb etmişəm”
26 avqust 2010 16:48 (UTC +04:00)

“Binəqədidəki qəbirlərin köçürülməsini mən tələb etmişəm”

“Binəqədi rayonunda, 7-ci mikrorayonun ərazisindəki qəbiristanlıq metro xətti üzərində yerləşdiyindən köçürüləcək, ərazidəki qanunsuz evlər isə söküləcək”. Bunu APA-ya açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.



T.Əhmədov bildirib ki, qəbiristanlıq ötən əsrin 90-cı illərinin əvvəllərində salınarkən metronun yeni stansiyalarının layihələri mövcud olub: “Oradakı qəbirlərin hamısının köçürülməsini mən tələb etmişəm və köçürmə aparılır. Orada artıq tunel tikilib. Layihədə hər hansı dəyişiklik aparmaq olmaz. Bu, avtobus parkı deyil ki, başqa yerə köçürəsən. Bu əvvəlcədən planlaşdırılıb, 1981-ci ildə layihə verilib”. Metropoliten rəisi vurğulayıb ki, layihə üzrə metronun tunelinin və deponun ərazisinə düşən evlər də söküləcək: “Qanunsuz olduğundan onlara kompensasiyanın verilməsi nəzərdə tutulmur. Orada məskunlaşmış məcburi köçkün ailələri isə evlə təmin ediləcək”.


Binəqədi rayon icra başçısının I müavini Füzuli Aslanov APA-ya açıqlamasında bildirib ki, 1986-cı il oktyabrın 1-də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazi - 16,9 hektar yer Bakı Metropoliteninə metro tikintisi üçün ayrılıb: “Metropolitenin rəisi Tağı Əhmədov da gələcəkdə metro tikintisinin aparılacağını nəzərə alaraq, həmin ərazidə qanunsuz tikintilərin aparılması və qəbiristanlığın salınmasının dayandırılması barədə xəbərdarlıq edib. Həmin ərazidə hələ sovet dövründə metro üçün tunellər tikilib. Depo ərazisi isə sovetlər birliyi dağıldıqdan sonra başlı-başına qalıb, kim nə istəyibsə, onu da edib. Kimi qəbir salıb, kimi də qanunsuz fərdi yaşayış evi tikib. Hazırda deponun tikintisi ilə bağlı işlər torpağın üst hissəsində aparılmalıdır”.


F.Aslanov deyib ki, metro tikintisi üçün ayrılan sahədə tikilən evlərin heç birinin sənədi yoxdur, hamısı qanunsuzdur: “1986-cı ildən sonra vəzifədə olan rayon rəhbərliyi şərait yaradıb, camaat da bu evləri tikib”. 2005-ci ildən həmin ərazidə qanunsuz tikililərin aparılmasını dayandırdıqlarını deyən F. Aslanov həmin vaxtdan indiyədək sakinlərə dəfələrlə xəbərdarlıq edildiyini söyləyib. Müavinin sözlərinə görə, ötən il onun rəhbərliyi ilə icra hakimiyyəti və metropolitenin nümayəndələri hər bir sakinə rəsmi qaydada qəbiristanlıqda dəfn aparılmaması və evlərin tikilməsinin birdəfəlik dayandırılması barədə xəbərdarlıq edib. Bundan sonra fərdi yaşayış evlərinin tikintisi dayandırılsa da, dəfn dayandırılmayıb.


F. Aslanov deyib ki, ərazidən 250 məzar köçürülməlidir. Bunun üçün dövlət tərəfindən maliyyə vəsaiti və Sulutəpə qəsəbəsində 2 hektar yer ayrılıb. Artıq dünən bir qrup sakin ayrılmış yeni sahəyə baxaraq məzarların köçürülməsinə razılıq verib. Dünəndən sakinlərin, Səhiyyə Nazirliyinin nümayəndəsinin və qəsəbə axundunun iştirakı ilə məzarlar köçürülür. Səhiyyə Nazirliyi məzarlar köçürüldükdən sonra orada dezinfeksiya işləri aparır. F. Aslanov evlərindən köçürüləcək sakinlərin digər yerlərdə mənzillə təminatı barədə isə konkret fikir söyləyə bilməyəcəyini deyib.


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov da APA-ya bildirib ki, ərazidəki sakinlər köçürüləcək. Lakin onların haraya və necə köçürüləcəyi hələ məlum deyil. Hazırda bununla bağlı hökumətdə müzakirələr aparılır. Məsələ ilə bağlı yaxın günlərdə qərar qəbul ediləcəyi gözlənilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə baş nazir Artur Rasizadəyə müraciət edərək, qəbiristanlıqdan məzarların köçürülməsinin yolverilməz olduğunu bildirib. Q. Həsənquliyev baş nazirdən bunun qarşısının alınması üçün müvafiq göstəriş verməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar