TQDK Gəncədə zona müşavirəsi keçirib
28 yanvar 2010 13:30 (UTC +04:00)

TQDK Gəncədə zona müşavirəsi keçirib

Tədbirdə ötən dərs ilinin sonunda ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlili aparılıb

Yanvarın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncədə zona müşavirəsi keçirib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirə Gəncə, Samux, Göygöl, Yevlax, Daşkəsən kimi 10-a yaxın şəhər və rayonun Təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və müəllimləri qatılıb.

Müşavirədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tərəfindən ötən dərs ilinin sonunda ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlili aparılıb. Bildirilib ki, Gəncənin orta məktəblərini 2009-cu ildə 3039 şagird məktəbi bitirib, onların da 2527 nəfəri attestat ala bilib. Şagirdlərdən 86 faizi, yəni 2186 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. 31 faizi, yəni 679 nəfər abituriyent ali məktəbə qəbul olub. Qəbul olunan şagirdlərin 55 faizi dövlət, 30 faizi isə özəl ali məktəblərə daxil olub. Şəhər üzrə 98 nəfər 500 bal, 21 nəfər isə 600 bal toplayaraq qabaqcıl ali məktəblərin tələbəsi adını qazanıb. Gəncə şəhəri üzrə ali məktəblərə qəbul göstəricilərinin Respublika üzrə göstəricidən 6 faiz az olduğu da diqqətə çatdırılıb.

Tədbirdə digər rayonlar üzrə məlumatlar da açıqlanıb. Məleykə Abbaszadə onu da vurğulayıb ki, 1-ci ixtisas qrupunu seçən oğlanların əksəriyyəti hərbi xidmətdən möhlət hüququ əldə etmək istəyənlərdir. Bundan başqa, ali məktəblərə qəbul imtahanı verənlərin nümayiş etdirdikləri bilik səviyyəsi ilə attestatlarındakı qiymətlər əksər hallarda üst-üstə düşməyib. Qəbulun nəticələri göstərir ki, 0-100 bal arasında nəticə göstərən abituriyentlər attestatlarında yüksək qiymətlər alıblar.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar