Fərdi sığorta olunanların sayı 1 milyon 600 mini keçib
27 yanvar 2010 14:30 (UTC +04:00)

Fərdi sığorta olunanların sayı 1 milyon 600 mini keçib

Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan sığortaolunanların çoxu kişilərdir

2010-cu il yanvarın 1-dək Dövlət Sosial Müdafiə Fondunda (DSMF) fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 641 064 nəfər olub. Sığortaolunanların 900 851 nəfəri kişi, 740 213 nəfəri isə qadındır.

DSMF-nun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 444 146 nəfərini əhatə edir. Onun sözlərinə görə, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 359 281 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 369 166 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 330 848 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 137 623 nəfər təşkil edir.

Elman Babayev bildirib ki, 2009-cu il ərzində DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 10 faiz artıb. İl ərzində “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Belə ki, 2009-cu ildə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 149 604 nəfər artaraq, 1 641 064 nəfərə catıb.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar