DSMF-da 20 Yanvar faciəsi yad edilib
19 yanvar 2010 12:15 (UTC +04:00)

DSMF-da 20 Yanvar faciəsi yad edilib

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra fondun sədri Səlim Müslümov 20 Yanvar faciəsi barədə fikirlərini bölüşüb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, Səlim Müslümov qanlı hadisəni qısa xarakterizə edib, 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi olduğunu deyib. Həmin dövrdə baş verən tarixi prosesləri xatırladan fond sədri bildirib ki, 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə mərhum eks-prezident Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilib.

“Yalnız Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi” – deyə, DSMF sədri qeyd edib.

Səlim Müslümov vurğulayıb ki, 20 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.

Anım mərasimində yazıçı, tanınmış jurnalist Rafiq Səməndər həmin dövrdə 20 Yanvar faciəsində şəhid olmuş şəxslərdən bəhs edən kitab hazırlayarkən əyani şahidi olduğu hadisələrlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrının gənc aktyorlarının ifasında 20 Yanvar hadisələri ilə əlaqədar kompozisiya nümayiş etdirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar