Vətəndaş cəmiyyəti yenidən səfərbər olunur
15 yanvar 2010 19:15 (UTC +04:00)

Vətəndaş cəmiyyəti yenidən səfərbər olunur

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) qeydiyyatdan keçməyən QHT-lərin əlaqələndirmə şəbəkəsini yaratmağı təklif edir.

Lent.az-ın məlumatına görə, bu barədə “Vətəndaş cəmiyyətinin problemləri: QHT-lərin dövlət qeydiyyatı və qanunvericilikdəki boşluqlar” mövzusunda keçirilən dəyirmi masada VCDK-nın koordinatoru Razi Nurullayev bildirib ki, VCDK QHT–lərə Dövlət Dəstək Şurası və beynəlxalq təşkilatlarla birlikdə bir işçi qrup yaradaraq QHT-lərin qarşısında qeydiyyat və hesabatlılıq prosesinin təkmilləşdirilməsi və sadələşdirilməsi məsələlərini müzakirəyə çıxardıb, həllinə nail olmaq istəyir.

VCDK-nın Şura üzvü Oqtay Gülalıyev bildirib ki, QHT haqqında Qanundakı boşluqlar məmurların vətəndaş cəmiyyəti təmsilçilərinin sıxışdırmasına səbəb ola bilər. O, Prezident İlham Əliyevin QHT-lər haqqında Qanuna dəyişikliklər və əlavələrlə bağlı dekabrın 25-də imzaladığı fərmana da toxunaraq vurğulayıb ki, bu fərman QHT-lərin bank əməliyyatları üçün də ciddi əngəllər yaradacaq. Oqtay Gülalıyev əlavə edib ki, Mənzil Məcəlləsinə edilmiş dəyişiklik də QHT-lərə ciddi problemlər yarada bilər.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin sözlərinə görə, QHT-lərin qeydiyyatı uzun illərdən bəri Azərbaycanda yaşanan bir problemdir və bu məsələ beynəlxalq təşkilatların da diqqət mərkəzində olsa da, vəziyyət mürəkkəb olaraq qalmaqdadır. O, əlavə etdi ki, qeydiyyatla bağlı məhkəmələrə müraciətlər də nəticəsiz qalmaqdadır: “Təkcə 2009-cu il ərzində qeydiyyatla bağlı 10 məhkəmə işi olub. Bu sıraya “Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzi”, “Media Monitorinqi Mərkəzi” və digər QHT-lər aiddir”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxışında qeyd edib ki, vətəndaş cəmiyyəti nümayəndələrini narahat edən məqamlarla bağlı üzvü olduğu Şuraya məlumat verib. O bildirib, bu məsələlər QHT-lərə Dövlət Dəstəyi Şurasının yanvarın 15-də keçiriləcək toplantısında müzakirə olunacaq.

Dəyirmi Masada daha sonra Sabit Bağırov, Telman Zeynalov, İradə Cavadova, Mirəli Hüseynov və digər şəxslər çıxış edərək müzakirə olunan problemlə bağlı fikir və təkliflərini söyləyiblər. Tədbirdə həmçinin Avropa Şurasının və ATƏT-in Bakıdakı ofisinin nümayəndələri, eləcə də ABŞ və Norveç səfirliyinin, Milli Demokratiya İnstitutunun təmsilçiləri iştirak ediblər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar