TQDK Qubada elmi-metodiki seminar keçirəcək
15 yanvar 2010 18:45 (UTC +04:00)

TQDK Qubada elmi-metodiki seminar keçirəcək

Regional bölmənin iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq

Yanvarın 16-17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Quba regional bölməsində bu qurumun məsul əməkdaşlarının, ekspertlərinin iştirakı ilə fizika, Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat fənləri üzrə elmi-metodiki seminar keçiriləcək. Xüsusi internet proqramlarının tətbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə komissiyanın rəhbərliyi də qoşulacaq.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaq. Seminarların işində Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən və digər yaxın rayonların müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Seminarlarda müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişikliklər və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq. Bundan başqa, test tərtibi metodikası, testologiya ilə bağlı fikir mübadiləsi aparılacaq, hər fənnin xüsusiyyətinə uyğun olaraq test tərtibinə qoyulan tələblər ətraflı izah olunacaqdır.

Xatırladaq ki, TQDK-nın nəzdində fənlər üzrə elmi-metodiki seminarlar 1994-cü ildən etibarən fəaliyyət göstərir. Test tərtibi metodikasını təkmilləşdirmək və imtahanların məzmunu ilə bağlı materiallar, eləcə də qəbul imtahanlarına hazırlaşan gənclərə metodiki köməklik üçün vəsaitlər hazırlamaq məqsədilə təşkil olunmuş bu seminarlarda əsasən Milli Elmlər Akademiyasının, elmi-metodiki mərkəzlərin mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, müxtəlif orta ümumtəhsil məktəblərinin fənn müəllimləri iştirak edirlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar