Bənəniyarda özünü yandıranın bacısı danışdı - MÜSAHİBƏ
12 yanvar 2010 10:45 (UTC +04:00)

Bənəniyarda özünü yandıranın bacısı danışdı - MÜSAHİBƏ

Kəmalə Xəlilova: “Mən dövlətimizin rəhbəri İlham Əliyev cənablarından və şəxsən Vasif Talıbovdan xahiş edirəm ki, məsələni araşdırıb ədaləti təmin etsinlər”

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndində baş verənlərlə bağlı ziddiyyətli məlumatlar səngimək bilmir. Daxili işlər naziri Ramil Usubov hüquq müdafiəçiləri ilə görüşündə bu hadisənin mətbuatda şişirdildiyini deyib. Maraqlıdır ki, bu hadisədə zərərçəkənlərin ailə üzvlərinin söylədikləri də nazirin bu fikri ilə üst-üstə düşür.

Həmin hadisələr zamanı özünü yandırmış Yunis Əliyevin Bakıda yaşayan bacısı Kəmalə Xəlilova baş verənlərlə bağlı Lent.az-a müsahibə verib:

- Bənəniyarda baş verənlər nə dövlətə qarşı çıxmaq məqsədi güdür, nə də kimlərinsə cəzalandırılmasına xidmət edir. Mənim qardaşımın İranda müalicə olunmasının heç bir yozumu da yoxdur, sadəcə İran məsafə baxımından bizə yaxın olduğu üçün qardaşımı öz istəyimizlə Təbrizə apardıq. Yəni qardaşımı nə Bakıya, nə də İrana aparmağa heç kəs mane olmurdu. Sadəcə, hansısa siyasi qurumlar bu vəziyyətdən yararlanıb bizi öz oyunlarına alət etməsinlər. Mənim özüm də, yaxınlarımız da qəzet səhifələrində yazılanlardan narahat oluruq, bəziləri yazırlar ki, guya qardaşım xəstəxanada dünyasını dəyişib. Bunlar doğru deyil, mənim qardaşım sağ-salamatdır və Təbriz şəhərində müalicə alır. Allaha şükür ki, sağlıq durumu yaxşılığa doğru gedir. Yunis özü İran televiziyasına müsahibə də verib və deyib ki, mən nə dövlətimizə, nə də hökumətimizə qarşı addım atmışam. Bu verilişi çoxları izləyib.

- Qardaşınızın özünü yandırmasına səbəb nədir?

- Bəli, qardaşım özünü yandırıb. Amma xahiş edirəm, heç kəs bizim ailəmizi əlində alət eləyib xal toplamaq, reytinq yığmaq xatirinə öz qəzetində yalan məlumat yaymasın. Biz bunu istəmirik. Bizim istəyimiz odur ki, qardaşım sağalıb evimizə qayıtsın. Mən öz ailəmiz haqqında sizə məlumat vermək istəyirəm ki, əsil həqiqəti hamı bilsin. Bacım Bənəniyar kənd orta məktəbinin 7-ci sinfində oxuyur, gözəlliyi, ağlı, fərasəti ilə seçilən uşaqdır. Dayım Yusif çox gözəl insan olub, onda epilepsiya xəstəliyi olub. Həmçinin o biri dayım. Mənim dayım rəhmətə gedib, xahiş edirəm onun ruhunu narahat etməsinlər. Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin yazdıqlarının da bir hissəsi doğru deyil. Dirilərimizə hörmət qoymurlar, heç olmasa, ölənlərimizi rahat buraxsınlar. Həyatda ilahi ədalət deyilən bir şey var, ilahi ədalətdən qorxsunlar. Amma Bənəniyar kənd camaatı nə dövlətə, nə də respublikaya qarşı heç bir təxribatda iştirak etməyib, biz sadə insanlarıq, bir parça çörəyini daşdan çıxaran adamlarıq. Xahiş edirik, siyasi qurumlar bu vəziyyətdən istifadə etməsinlər, hərə öz dərdini bizim üzərimizə atmasın. Bu, mənim ailəmin faciəsidir, insan faciəsinə belə yanaşmazlar, ayıbdır.

- Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Rza Nuriyevin həbsi məsələsindəki vəziyyət nə yerdədir?

- Rza bəylə qohumluq əlaqəsi var, kəndimizin ağsaqqalıdır, dindar adamdır, nurani insandır. Biz onu sevirik, bu gün də onun yanındayıq. Rza bəy və onun ailəsi eşitsin ki, bizim sevgilərimiz və dualarımız onunladır. Mənim qardaşım 4 il hərbi xidmətdə olub. Bu adam fəhləlik edib, ailəsini dolandırıb, sadə insan olub.

- Bəs kənddə nə baş verib ki, hadisələr bu səviyyəyə çatdı?

- Media hadisə barədə hər adamdan bir şey eşidir. Hadisə belə oldu ki, Aşura günü Əlincə Polis Bölməsinin əməkdaşları ilə kənd camaatı arasında insident olub. Bu, nədən başlayıb? Mənim atamı polisə aparıb təhqir ediblər. Bunu da iki sıravi polis edib. Siyan və Nadir aldı iki polis əməkdaşı atamla sərt davranıb. Bu hadisənin şahidi olan qardaşımla yanaşı 4-5 yaşlı bənəniyarlı ilə də nalayiq davranılıb. Buna görə də kənd camaatında narazılıq yaranıb. Yəni bütün bu baş verənlər iki polis əməkdaşının məsuliyyətsizliyi ucbatından ortaya çıxıb. Aşura günü nə vaxtdan günah hesab edilir? Yəni Aşura günü günahdırsa, niyə Bakıda qeyd olunur? Əgər Aşura günündə kimsə başına vurursa, yarırsa, bu da təlimatsızlığın, maarifləndirmənin olmamasının nəticəsidir. Əgər mənim atam Aşura günü nəsə eləmişdisə, ona günahına görə 15 gün, 1 ay, 5 il həbs cəzası verərdilər. Naxçıvanda cinayət-axtarış şöbəsinin nümayəndəsi Qulu müəllim mənə söz verdi ki, siz narahat olmayın, qardaşınızın özünü yandırmasına bais olanlar məhkəmə qarşısına çıxacaq. Bəli, deyilənlər doğrudur, mənim qardaşım yanıq vəziyyətdə xəstəxanaya çatdırıldı və 5 gün Naxçıvanda müalicə olundu, ona lazımi dava-dərmanı da verildi. Amma sonra biz özümüz onu İrana apardıq. Bizə orda kimsə nəsə demədi, Bakıya da gətirməyimizə heç kim etiraz etmirdi.

Yanvarın 5-də, orada hadisənin ağırlığını hiss edən şəxslər - bilmirəm, Vasif Talıbova qarşı təxribat idi, yoxsa nə idi - bizim ailəni ortaya atdılar. Bənəniyarlılar çıxıb bir söz dedilər, media başqa şey yazdı. Necə ki, bəzi siyasi partiyalar bütün bənəniyarlıları öz oyunlarına alət eləyiblər. Mən onu bilirəm ki, nə bizim, nə də Bənəniyar camaatının rəhbərliyə, yaxud da dövlətimizə qarşı heç bir pis niyyətimiz yoxdur. Sadəcə istəyimiz dinc və qorxusuz yaşamaqdır, bizim başqa heç bir istəyimiz yoxdur.

- Siz Naxçıvandan nə vaxt qayıtmısınız?

- Mən Bakıya yanvarın 3-də qayıtdım. Biz xəstəni Bakıda gözləyirdik. Ayın 3-də Naxçıvanda belə qərara gəldik ki, oradakı həkim yanıq yox, travmatoloqdur. Amma üstümüzdə Allah var, onlar bizim xəstəmizin bütün iynə-dərmanlarını öz xərcləri bahasına vermişdilər. Lakin mən məsələ qaldırdım ki, xəstəmizi Bakıya aparaq. Onlar dedilər necə istəyirsiniz, elə də edin. Ona görə də mən həmin gün Bakıya gəldim, gözləyirdim ki, sabah qardaşımı Bakıya gətirərlər. Amma həmin axşam anamın fikri dəyişib və anam deyib ki, İranda qiymət bir az ucuzdur. Bizim ağlımıza gəlməzdi ki, bu məsələ belə böyüyər.

- Yəqin, məlumatınız var, indi Bənəniyar kəndində son vəziyyət necədir?

- İndi kənddə sakitlikdir. Bizim bu məsələdə heç kimlə davamız yoxdur. Yeganə davamız mediayadır. Çünki mətbuat bu məsələni düzgün işıqlandırmır və bundan Bənəniyar camaatı əziyyət çəkir. Mətbuatda yazılar gedir ki, Bənəniyar camaatı dövlətə qarşı qalxır. Amma bizim belə bir fikrimiz yoxdur. Biz mətbuatda gedən belə yazılardan sonra yanvarın 8-də ANS televiziyasına getdik. Xahiş etdik ki, əsil həqiqəti xalqa və dövlətə çatdırmaqda bizə kömək etsinlər. Amma onlar buna şərait yaratmadılar. Niyə qorxurlar?! Biz bir daha Muxtar Respublika rəhbərliyinə müraciət edərək bildiririk ki, bunların hamısı təxribatdır. Biz pis söz demirik, rəhbərliyə qarşı heç bir iddiamız yoxdur. Bizim heç bir siyasi təşkilatla əlaqəmiz yoxdur. Bütün siyasi qurumlar öz yerində otursun, ayıbdır, bizi özlərinə alət etməsinlər. Bizim istəyimiz haqq-ədalətin təmin olunması, cinayətkarların cəzalandırılmasıdır. Mən dövlətimizin rəhbəri İlham Əliyev cənablarından və şəxsən Vasif Talıbovdan xahiş edirəm ki, bu məsələnin ədalətli araşdırılmasına yardımçı olsunlar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar