Azərbaycanda həyat "keyfiyyətsiz" sayıldı
08 yanvar 2010 15:30 (UTC +04:00)

Azərbaycanda həyat "keyfiyyətsiz" sayıldı

Ölkəmiz Həyat keyfiyyəti İndeksi üzrə reytinq cədvəlində 51 balla 139-cu yeri tutur

Azərbaycan 2010-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2010) 51 balla 194 ölkə arasında 139-cu yeri tutub. Dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” dərgisinin tərtib etdiyi reytinq cədvəlində belə deyilir.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, reytinq cədvəli həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə 194 ölkə arasında aparılmış araşdırmalar əhatə edib. Hər bir sahə 100 ballıq sistemlə qiymətləndirilib. Ən yüksək göstəriciyə 82 balla cədvələ Fransa liderlik edir. Avstraliya ikinci (81 bal), İsveçrə üçüncü (81), Almaniya dördüncü (81), Yeni Zelandiya isə beşinci (79) olub. Bu ölkələrin hamısı azadlıq və ictimai təhlükəsizlik sahələrindən maksimum bal (100) yığıb.

Keçmiş SSRİ ölkələri arasına Baltik ölkələri həmişəki kimi digərləri ilə müqayisədə yüksək göstərici əldə ediblər. Litva 73 balla 22-ci, Estoniya 71 balla 32-ci, Latviya isə 70 balla 40-cı yeri tutub. Litvada azadlıq və ictimai təhlükəsizlik sahələri maksimum bal yığıb. Estoniyada azadlıq 100 bal yığsa da, ictimai təhlükəsizlik nisbətən aşağı nəticə (86 bal) göstərib. Latviyada bu göstəricilər uyğun olaraq, 92 və 86 bal olub.

MDB ölkələri arasında ən yüksək göstəricini 65 balla 55-ci yeri tutan Moldova göstərib. Gürcüstan 98-ci (56 bal), Ermənistan 101-ci (56 bal), Belorus 109-cu (54 bal), Rusiya 111-ci (54 bal), Tacikistan 134-cü (51 bal), Qırğızıstan (51 bal) isə 138-ci yeri tutub. Siyahıda 51 balla 139-cu yeri tutan Azərbaycan, MDB ölkələri arasında Özbəkistanı (49 balla 148-ci yer), Qazaxıstanı (48 balla 155-ci yer) və Türkmənistanı (46 balla 162-ci yer) qabaqlayır. Ölkəmiz ən yüksək qiyməti ekologiya sahəsində (71 bal) alıb. Azərbaycan ictimai təhlükəsizlik sahəsində 64, iqlimdə 62, mədəniyyətdə 60, iqtisadiyyatda 50, həyat səviyyəsində 48 bal toplayıb. Səhiyyə və infrastruktur sahələrində toplanmış ballar eyni - 40 bal olub. Azərbaycanın ən aşağı qiyməti azadlıq sahəsi üzrə olub. Bu sahədə 100 mümkün baldan cəmisi 25-i toplaya bilib. Azadlıq səviyyəsi göstəricisinə görə Azərbaycan 194 ölkə arasında 162-ci yeri tutub.

Azadlıq meyarı üzrə Moldova və Gürcüstan 50, Rusiya və Qırğızıstan 42, Ermənistan 33 bal toplayıb. Tacikistan və Qazaxıstan bizim qədər toplayıb. Reytinq cədvəlini 33 balla Yəmən və 30 balla Somali tamamlayır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar