Sumqayıtlı məzunların cəmi 39,12 faizi tələbə adını qazanıb
07 yanvar 2010 19:00 (UTC +04:00)

Sumqayıtlı məzunların cəmi 39,12 faizi tələbə adını qazanıb

Sonuncu qəbul imtahanlarında şəhərin abituriyentlərinin topladıqları orta bal 240,1 olub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Sumqayıt şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Tədbirdə komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

Komissiyadan Lent.az-a bildiriblər ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə və və yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış ediblər. Müşavirədə bildirilib ki, 2009-cu ildə Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 4077 şagird bitirib və onların 3826 nəfəri attestat alıb. Attestat alanların 94,01 faizi (3597 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1407 məzunu (imtahanda iştirak edənlərin 39,12 faizi) tələbə adını qazanıb. Onların 48,97 faizi (689 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 41,93 faizi (590 nəfəri) ödənişli ixtisaslarına, cəmi 9,10 faizi (128 nəfəri) isə özəl ali məktəblərə qəbul olub.

Şəhərin məzunlarının 337 nəfəri 500-dən, o cümlədən 97 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 240,134-dür ki, bu, da respublika üzrə orta göstəricidən 13,3 faiz yuxarıdır. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə belədir: 0-100 intervalında 25,52 faiz (918 nəfər), 100-200 intervalında 21,77 faiz (783 nəfər), 200-300 intervalında 18,79 faiz (676 nəfər), 300-500 intervalında 24,55 faiz (883 nəfər), 500-dən yuxarı 9,37 faiz (337 nəfər).

Beləliklə, Sumqayıt şəhər abituriyentlərinin yalnız 33,92 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 49 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin Texniki və təbiət elmləri liseyi, Təbiət elmləri təmayüllü gimnaziya, “İstedad” liseyi, “Təfəkkür” liseyi, 1, 10, 11, 15, 21, 23, 26, 35, 38 və 39 saylı orta məktəbləri daxil olub.

Müşavirədə Abşeron, dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Şamaxı, Xaçmaz və Xızı rayonlarının abituriyentlərinin imtahan nəticələri barədə geniş fikir mübadiləsi aparılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar