Pensiyanızın miqdarının sosial sığortadan asılı olduğunu bilirsinizmi?
06 yanvar 2010 19:00 (UTC +04:00)

Pensiyanızın miqdarının sosial sığortadan asılı olduğunu bilirsinizmi?

DSMF-nin sorğusunda iştirak edənlərin 65,1 faizi bundan məlumatsızdır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək məqsədilə keçirilən interaktiv sorğu yekunlaşıb. Bu dəfəki sorğuda respondentlərə “Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi” sualı ünvanlanıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, sorğunun yekun nəticələrinə əsasən, rerspondentlərin 33, 6 faizi “Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi” sualına “xeyr”, 31,5 faizi isə “bu haqda məlumatım yoxdur” cavabını veriblər. Sorğuya qatılanların 34,9 faizi isə fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini vurğulayıb.

Sorğunun nəticələri göstərir ki, respondentlərin ümumilikdə 65,1 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatsızdır.

Xatırladaq ki, 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmayaraq işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Elman Babayev bildirib ki, yeni sığorta-pensiya sistemində hər bir şəxs hələ əmək fəaliyyəti dövründə özünün gələcək pensiya məbləğinə təsir edə bilər. Onun sözlərinə görə, sığorta-pensiya sistemində davam etdirilən islahatların mühüm həlqəsi kimi yaxın gələcəkdə hər bir vətəndaşın fərdi hesabı ilə bağlı məlumatlandırılması da nəzərdə tutulur. Belə ki, hazırda DSMF-də qeydiyyatda olan bütün sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə əldə edə bilməsı üçün ümumi məlumat bazasının yaradılması istiqamətində iş aparılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar