Bakıda avtomobillər üçün orijinal “cərimə meydançası”
06 yanvar 2010 15:00 (UTC +04:00)

Bakıda avtomobillər üçün orijinal “cərimə meydançası”

Bakıda avtomobilləri “saxlanılması qadağan olunan” yerlərdən aparan evakuatorlar ləğv olunmayıb. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, 2009-cu ilin sonlarında evakuatorların ləğv olunması barədə yayılan xəbər tam təsdiqlənməyib.

Məlum olub ki, evakuatorlar yenə də avtomobilləri “daşımaqda” davam edir. Sadəcə olaraq, daşınan yerdə fərq var. Bəlli olub ki, qadağan olunmayan yerdə saxlanılan, ancaq hərəkətə bu və ya digər səbəbdən mane olan avtomobillər evakuatorlar vasitəsilə “cərimə meydançası”na deyil, nə qədər qəribə də olsa... “Azadlıq” meydanına aparılır.

Lent.az-ın müxbiri meydanda olub, vəziyyətlə maraqlanıb. Dayanacaq nəzarətçisi (o, dayanacaqdakı bütün avtommobillərə nəzarət etməklə pullu xidmət göstərir) müxbirlə söhbətində avtomobillərin evakuatorlar vasitəsilə“Azadlıq” meydanına gətirildiyini təsdiqləyib: “Düzdür, 2-3 gündür ki, gətirmirlər. Bu da deyəsən Yeni İl bayramı ilə əlaqədardı. İndi “Qaqarin” körpüsünün yanındakı “cərimə meydançası”na aparırlar. Ancaq 2-3 gün əvvələ qədər bura gətirirdilər”.

Nəzarətçi deyib ki, avtomobil sahibləri “Azadlıq” meydanına gələrək burada hansısa haqq ödəmədən maşınlarını götürüb gedirlər: “Biz burda maşınlara nəzarət eləyirik. Eləsi var buna görə bizə 20, ya da 40 qəpik verir. Verməyən də sağ olsun...”

Lakin avtomobillərinin “Azadlıq” meydanına gətirildiyini heç də bütün sürücülər bilmir. Avtomobili “itən” sürücülər ənənəvi “cərimə meydança”larına baş çəkir, oradan da onaq “Azadlıq” meydanı nişan verilir. Avtomobilin sahibi yalnız bundan sonra öz maşınına “qovuşur”.

Yeri gəlmişkən, hazırda “Azadlıq” meydanında çoxlu sayda avtomobil olsa da, onlardan yalnız biri evakuatorla gətirilib. Nəzarətçi bildirib ki, 4 gün əvvəl evakuator vasitəsilə gətirilən 18-BC-546 dövlət nömrə nişanlı “VAZ-21011”-in sahibi hələ də gəlib avtomobilini aparmayıb. Bu, şəxsin avtomobilinin yerini hələ də tapa bilməməsilə əlaqələndirilir.

Məsələ ilə bağlı rəsmi mövqe isə münasibət öyrənmək mümkün olmayıb. Çünki Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təmini və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov danışmaq istəməyib. Ənənəsinə sadiq qalaraq telefon zənglərinə əhəmiyyət verməyən Ərəstun müəllim bu dəfə zəngə cavab versə də, sualı cavablandırmayıb: “Mən bülletendeyəm, gələn həftə zəng vurun...”

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar