Azərbaycanlı qızla türk oğlanın toyu Lənkəranda oldu
30 dekabr 2009 17:15 (UTC +04:00)

Azərbaycanlı qızla türk oğlanın toyu Lənkəranda oldu

Lent.az-ın yazdığı sevgi dramında xoşbəxt sonluq

Bir müddət əvvəl eşq hekayətləri barədə Lent.az-da xəbər verilən azərbaycanlı qızla türkiyəli oğlanın, nəhayət, toyu olub. Bu barədə Lent.az-a hazırda Azərbaycanda olan cütlük bildirib.

Belə ki, 32 yaşlı Güray Sarı ilə 23 yaşlı Samirə Nəcəfovanın toyu dekabrın 16-da Lənkərandakı şadlıq saraylarının birində baş tutub. Buna baxmayaraq, onlar hələ də rəsmi ər-arvad sayılmır. Belə ki, Güray onlara VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarınıın dövlət qeydiyyatı) süni problemlərin yaradıldığını bildirib: “Bakıdakı “Dostluq” kinoteatrının yaxınlığındakı müvafiq idarədə bizdən xeyli məbləğdə rüşvət istədilər. Mənim viza müddətim başa çatmaq üzrədir. Ona görə də istəyirəm ki, tez münasibətləri rəsmiləşdirib, xanımımla Türkiyəyə dönüm. Ancaq hələ deyiblər ki, VVAQ-a yanvarın 5-də gəl. Həmin gün gedəcəm, görək nə olur. Əgər alınmasa, Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıca müraciət edəcəm”.

Hazırda Lənkəranda – Samirənin ata evində olan cütlük Mersinə gedəcəkləri günü səbirsizliklə gözləyir. Əgər onların münasibətləri rəsmiləşərsə, Samirənin Türkiyəyə getməyində problem olmayacaq.

Xatırladaq ki, onlar iki il yarım əvvəl Mersindəki (Türkiyə) bir alış-veriş mərkəzində tanış olublar. Həmin ticarət mərkəzinin təhlükəsizlik xidmətinin rəisi Güray Sarı Azərbaycandan gedən turist heyətini müşayiət edirmiş. Həmin vaxt o turistlərdən biri – Samirə Nəcəfova ilə tanış olub. Bir-birinə dəli kimi aşiq olan gənclər az müddət sonra münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Ancaq onların evlənmək niyyəti gerçəkləşmirdi.

Təxminən bir ay əvvəl Güray Sarı evlənə bilməmələrinin səbəbini belə izah etmişdi: “Bizimki bəlkə də ilk görüşdə aşiq olmaqdı. Artıq iki il yarımdır ki, bir-birimizi sevirik, evlənmək istəyirik. Bunun üçün Türkiyədə lazım tədbirləri gördük. Ancaq həm bürokratik, həm də maddi problemlər evlənməyimizə mane oldu. Həmin vaxt Samirənin viza müddəti başa çatdı, ondan sonra isə mənim yanımda qaçaq, yəni qanunsuz olaraq yaşamağa başladı. Dini nikaha girəndən sonra hər şeyi ölçüb-biçdik, Samirəylə Azərbaycana gedib, orada evlənmək qərarına gəldik. Ancaq avqustun 16-da Ankara Esenboğa Hava Limanında yola çıxmağa hazırlaşarkən polis Samirənin viza müddətinin başa çatdığını bildi və onun haqqında tədbirlər gördü. Samirəyə 60 ay müddətində – 5 illiyə Türkiyəyə daxil olmaq qadağan edildi. Üstəlik 800 lirə pul cəzası da kəsildi”.

Bu hadisədən sonra iki dəfə Azərbaycana gələrək həyat yoldaşıyla görüşdüyünü bildirən Güray evlənmək üçün rəsmi qurumlara getdiyini də deyib. Burada ondan pul istəyiblər. Onun isə tələb olunan paranı verməyə gücü çatmayıb. Güray hətta kredit kartından 1800 lirə çıxartmasına, öz noutbukunu satmasına rəğmən, tələb olunan pulu ödəyə bilməyib.

Həmin vaxt nə o maddi imkansızlıqdan Azərbaycana gələ bilirdi, nə də həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilirdi...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar