Eldar Həsənov dərslik yazıb
29 dekabr 2009 13:30 (UTC +04:00)

Eldar Həsənov dərslik yazıb

Keçmiş baş prokurorun “Azərbaycanın dövlət və hüququnun əsasları” adlı kitabı tələbələr üçün dərslik kimi təsdiq edilib

Azərbaycanın Rumıniyadakı səfiri, sabiq baş prokuror, hüquq elmləri doktoru Eldar Həsənovun hazırladığı yeni dərs vəsaiti çap olunub. “Azərbaycanın dövlət və hüququnun əsasları” adlı kitab təhsil nazirinin əmri ilə ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilib.

Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”də çap olunmuş dərslikdə “Azərbaycanın dövlət və hüququnun əsasları” tədris fənninin materialları, dövlət və hüquq nəzəriyyəsinin əsas anlayışları, Azərbaycan Respublikası dövlət hüququnun konstitusion, cinayət, inzibati, mülki, ailə və əmək kimi təməl müddəaları şərh edilib. Ali məktəblərin hüquq fakültəsinin tələbələri, elm və tədris müəssisələrinin əməkdaşları, praktiki işlə məşğul olan hüquqşünaslar üçün nəzərdə tutulmuş dərslik iki bölmədən ibarətdir: “Dövlət və hüquq nəzəriyyəsinin əsas anlayışları” və “Azərbaycanın sahə hüququnun əsasları”. Dərsliyin birinci bölməsində müxtəlif ölkələrin tarixi təcrübəsinə əsaslanan beynəlxalq hüquq müstəvisində dövlət, cəmiyyət, hakimiyyət, hüquq və şəxsiyyət haqqında əsas anlayışlar, dövlətin əsas tipləri, dövlət hakimiyyətinin həyata keçirilmə metodları, dövlət institutunun növləri, hüquq sistemi, hüquq normalarının strukturu, normativ hüquqi aktların əlamətləri, hüquq münasibətlərinin obyektləri və subyektləri, qanunçuluğun təminatı, vətəndaş cəmiyyəti anlayışı, onun əlamətləri və strukturu, sosial dövlətin əsas funksiyaları, müasir dövlətdə insan və vətəndaş hüquqları və azadlıqlarının təminat sistemi və digər zəruri məsələlər ətraflı nəzərdən keçirilib və müqayisəli şəkildə dərindən araşdırılıb.

Dərsliyin milli qanunvericiliyə əsaslanan və altı fəsildən ibarət ikinci bölməsində isə Azərbaycan Respublikasının Konstitusiya, inzibati, mülki, ailə, əmək və cinayət hüququnun əsasları geniş şərh edilib.

Eldar Həsənovun hüququn və dövlətin əsasları kimi ciddi və aktual bir mövzuya həsr etdiyi vəsaitin redaktoru professor Firudin Səməndərovdur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863

Oxşar yazılar