Azərbaycandakı dini qurumların rəhbərləri toplaşdılar
29 dekabr 2009 12:15 (UTC +04:00)

Azərbaycandakı dini qurumların rəhbərləri toplaşdılar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib, 2010-cu il üçün iş planı təsdiq edilib


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.

Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, iclasın gündəliyinə noyabr ayının 6-7-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfransın nəticələri, respublikada dini durum, “Dini etiqad azadlığı haqqında” qanununa edilmiş əlavələr və dəyişikliklərin tətbiqi, dini maarifçiliyin gücləndirilməsi, Milad bayramı münasibətilə keçiriləcək tədbirlər və s. məsələlər daxil edilib.

Məşvərət Şurasının sədri Hidayət Orucov deyib ki, bu il noyabr ayında Bakıda keçirilmiş Beynəlxalq konfransın Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiq edib. Hidayət Orucov qeyd edib ki, dini liderlərin 2010-cu ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulmuş ümumdünya sammiti böyük əhəmiyyət daşıyır və tədbirin təşkili ilə bağlı Bakıda da müzakirələr aparılır, hazırlıq işləri görülür.

Dövlət Komitəsi sədri “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavələr və dəyişiklikləri ölkədə dövlət-din münasibətləri sahəsində mühüm mərhələ kimi dəyərləndirib, dini etiqad azadlığının təmin olunması, bu sahədə stabilliyin, tolerantlığın qorunub saxlanılması və möhkəmlənməsi yönündə çox mühüm addım olduğunu dilə gətirib.

İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi, ordinari Vladimir Fekete “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda noyabr ayının 6-7-də Bakıda keçirilmiş Beynəlxalq konfransın həqiqətən yüksək səviyyədə təşkil olunduğunu və dövlətin din sahəsinə böyük qayğı göstərdiyini bildiriblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein Bakı Konfransının Rusiyada böyük əks-səda doğurduğunu, mətbu orqanlarda bu barədə geniş məlumatların dərc edildiyini söyləyib. Aleksandr İşein Milad bayramı münasibətilə Bakı Yeparxiyasının geniş proqram hazırladığı barədə də məlumat verib.

Məşvərət Şurasının üzvləri son illər dini durumun sabitliyinin qorunub saxlanılmasında Azərbaycan hökumətinin yürütdüyü siyasəti uğurlu sayıblar. Qeyd edilib ki, Dövlət Komitəsi ilə dini qurumlar arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur və neqativ hallara qarşı birgə mübarizə aparılır. Dini qurumları narahat edən məsələlərin öyrənilməsi və həll edilməsinə yardım göstərilməsi, cəmiyyətdə genişlənən maarifçilik işləri, zərərli dini ədəbiyyatın yayılmasının qarşısının alınması istiqamətində görülən işlər dövlət-din münasibətlərinin tənzimlənməsi və ölkədə dini durumun daha da sabitləşməsinə xidmət edir.

Toplantıda Məşvərət Şurasının 2010-cu il üçün iş planı təsdiq edilib.
Sonda Hidayət Orucov Şura üzvlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar