BAMF ortaq məktəblərlə bağlı layihənin ilkin mərhələsini başa çatdırıb
29 dekabr 2009 11:30 (UTC +04:00)

BAMF ortaq məktəblərlə bağlı layihənin ilkin mərhələsini başa çatdırıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Ortaq məktəblərdə yerli/məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması” layihəsinin ilkin mərhələsinə yekun vurub. BAMF-ın İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, Dünya Bankı və Yaponiyanın Sosial İnkişaf Fondunun maliyyə vəsaiti ilə həyata keçirilən layihənin sifarişçi təşkilatı Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, inzibati təşkilatı Azərbaycan İcma İnkişafı, Araşdırmalar, Təlim və Resurs Mərkəzidir. 2009-2011-ci illərdə həyata keçiriləcək layihənin məqsədi ortaq məktəblərdə yarana biləcək sosial gərginliyi doğuran səbəblərin aradan qaldırılması istiqamətində iş aparmaqdan ibarətdir. Layihənin icrası prosesində məcburi köçkün və yerli şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ortaq məktəblər kiçik həcmli əməkdaşlıq qrantları ilə təmin ediləcək.

Birinci yarımildə Bakı şəhəri və Abşeron rayonu üzrə 10 ortaq məktəbdə iş aparılıb, 9 ortaq məktəbdən hazırlanan 10 kiçik həcmli qrant layihəsi qiymətləndirmə komissiyası tərəfindən qalib elan olunub, onlardan 5-i artıq icra edilib.

Yeni tədris ilində isə Bakı və Sumqayıt şəhərlərində yerləşən 13 ortaq məktəblə iş aparılıb. Bu məktəblərə səfərlər zamanı şagird və müəllim kollektivi ilə görüşlər keçirilib, onlara layihənin məqsəd və vəzifələri geniş izah edilib. Hər ortaq məktəbdə yerli və məcburi şagirdlərdən ibarət şagird icma fəaliyyət qrupları yaradılıb, onlara əməkdaşlıq qrantları üzrə layihə təkliflərinin hazırlanmasına dair təlimlər keçilib. Şagirdlərə qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması yolları izah olunub, onların irəli sürdükləri layihə mövzuları müzakirə olunub.

Qeyd edək ki, BAMF-ın həyata keçirdiyi layihə yerli və məcburi köçkün şagirdlərin birgə təhsil aldığı 35 ortaq məktəbi əhatə edəcək. Layihə çərçivəsində bu məktəblərdə əlaqələrin inkişaf etməsinə təkan verə biləcək bir sıra tədbirlərin – idman yarışlarının, müxtəlif ədəbi-bədii gecələrin, inşa yazıları müsabiqələrin, əlamətdar günlərlə əlaqədar birgə tədbirlərin təşkili də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar