Cənub bölgəsində qızların, qərb rayonlarında isə oğlanların ali təhsilə marağı azdır
25 dekabr 2009 21:45 (UTC +04:00)

Cənub bölgəsində qızların, qərb rayonlarında isə oğlanların ali təhsilə marağı azdır

Qızlar erkən yaşlarından ərə verilir, oğlanlar isə iş dalınca xaricə üz tutur

“Azərbaycanın cənub rayonlarında qızların 90 faizə qədəri ali məktəblərə qəbuldan kənarda qalır. Bu il həmin bölgədən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. O qeyd edib ki, cənub bölgəsində qızların ali məktəblərə sənəd qəbulunda iştirak etməməsinin əsas səbəbi onların erkən yaşlarından ərə verilməsi ilə bağlıdır: “Bu bölgədə qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-i qızlar təşkil edib”.

Cənub bölgəsindən fərqli olaraq, qərb rayonlarında qız abituriyentlər üstünlük təşkil edir. Məleykə Abbaszadə bildirib ki, bu, qərb bölgəsində oğlanların gənc yaşlarından iş dalınca paytaxta və yaxud Rusiyaya getməsinin nəticəsidir: “Biz bu problemlərlə bağlı təkcə Təhsil Nazirliyini deyil, bütün ictimaiyyəti məlumatlandırmışıq. Təəssüf ki, ildən-ilə bu problem həll olunmamış qalır”.

Maraqlıdır ki, ölkə üzrə qız abituriyentlərin imtahanda əldə etdiyi orta statistik nəticələri oğlanlarla müqayisədə xeyli yüksəkdir. Oğlanlar isə yalnız müəyyən regionlarda üstün nəticə əldə edir: “Mən bunun nə ilə əlaqədar olduğunu bilmirəm. Biz yalnız faktları müvafiq qurumlara çatdırırıq. Həmin faktların araşdırılması, bunun nə üçün belə olduğuna biz heç bir qiymət vermirik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar