Sarı torpaq qoxusu
…Bu torpağa gül əkmə, bala! Bu torpaq gül bitirməz, tikan yetirər. Sarı tikan. Sivri dilli iynələrini batıra-batıra ağrısını ürəyinə işlədən sarı tikan. Tikan səni bu torpaqdan ayrı salar. Bu torpaq kimi sənin də ürəyin cayır-cayır yanar, yüz yerə pardaqlanar. Bir içim suya həsrət bu torpaq. Bir ovuc torpağa həsrət bu ürək. Hər ikisi yanıb qovrular, min kərə ölüb dirilər. Amma tikan qovğası bitməz, tikan ölməz bala. Tikan ölməz…
- Çatmışıq, oyan! Sən ki, yol gedərkən yatmazdın. Yəqin, rayon havası artıq burnuna dəyib…
Dayısının sözlərinə gülümsəməklə cavab versə də, bu sözlər sanki məcazlığından çıxmışdı. Doğrudan da, burnunu torpaq qoxusu doldururdu. Nəfəs dolusu bu havanı tozla birlikdə ciyərinə çəkdi. Udduğu hava ürəyində bir sızıltı, bir ah qopardı. Yazın ürkək istisinin qızdırdığı avtomobil şüşəsinə başını dayayıb mürgüləyərkən babasının illər əvvəl dediklərinin yanğılı haray kimi, indi niyə yuxu pərdəsinə bürünüb içini titrətməsini, deyəsən anlamağa başlayırdı. Bura talelərinin başını sarı torpağın tikanlıqlarına buraxmış həmvətənlərinin, yerlilərinin növbəti məskəni idi.
İllər sonra çadır şəhərciklərini taxta evciklərlə əvəzlədilər. Yüzlərlə ailə də köçə-köçə, daşına-daşına, olanını-qalanını, ürəyinin hərarətini, dözümünün həddini, dodağını gülüşünü, simasının həlimliyini itirə-itirə... Qocalarını vətəndən, od içində alışıb yanan torpaqdan son bağ kimi qoruyub saxlayaraq, ölümdən qaçıraraq bu evciklərə sığındılar. İndi bir-birinə baxan, bir-birini təkrarlayan bu evciklərin hər birində bənzər taleli insanlar, o torpaqdan nişanələr yaşayır. Bu illər ərzində boş qalmış torpağın altı da dolmuşdu, üstü də. Sarı torpaq yaman udurdu bizim adamları. Sanki şoran, duzlu dilləri ilə köksündəki yaşıllığı yandırıb-yaxması ucbatından illərin baxımsız qalmış taleyinin acığını çıxırdı, bu sarı torpaqlar. Acgözlüklə diriləri ölü kimi bətninə çəkirdi. Sağ qalanlar isə çar-naəlac tikanına ümid gətirmişdilər sarı torpağın. Odur ki, bu illər ərzində sarı torpağın dəsgahı qurulmuşdu. Ağalıq , sultanlıq edirdi. Yandıra-yandıra, sızlada-sızlada məhkum həyatlardan birgəyaşayış qazanırdı. Tikanını batıra-batıra üzərində toy-büsat da qururdu. Mağar toylarında deyilən sağlıqlarda qara torpağın adının xatırlanmasına bəlkə də qol götürüb oynayanların ayaqlarının altından qopub, göydə fırlanıb yenidən üstünə düşən çınqıl daşları ilə rişxənd də edirdi. Qəhqəhə çəkirdi. Palçığına lənət etdikcə əslində lənətləndiyimizi bizə meydan oxuyurdu. Meydanda isə balaca uşaqlar oynayırdı. Bu torpağın balaları. O torpaqdan xəbərsiz. “Sən hardansan?” sualını onlar tez-tez eşidirlər. Vaxtilə bu sualı verənlərin qınanılmasından da xəbərsiz. İndi isə bu sual sanki bir kulta çevrilib. Əzizlənəndə də belə ehtiyat edilən, toxunulmaqdan, ona zərər yetirməkdən çəkinilən bir kulta. Amma bu uşaqlar üçün – bax, bu xalalar, bibilər dayılar əmilər bizim o yerin adamlarıdır - sözlərindən çox, boş içki şüşələrini tez pula çevirib şokolad, keks almaq daha gerçək görünür. O yerlər çox uzaq görünür. Lap divlərin Qəməri apardığı Qaf dağı kimi. Amma bu dağ daha böyükdür. Çünki onun buzu heç vaxt ərimir. Bu dağı ot göyərtmir. Dərd göyərdir. Bu dağın adı özü kimi ağırdır. Bala dağı, vətən dağı, torpaq dağı. Həmin dağlı analardan biri, toyda oynayır. Əllərini açdığı boşluqda sanki balasının boynunu qucaqlayır. Tankın içərisində kül olmuş oğlunun boynunu.
Musiqinin səsi getdikcə şaxə qalxırdı. Havaya qarışıb maneələri, sərhədləri, tikanları aşaraq başqa bir zamana - on doqquz il əvvələ, başqa bir məkana – indi gedilməsi mümkünsüz olan yerə, o zamanın toy mağarına götürürdü xatirələri. Burada ananın qolları artıq boşluğa açılmırdı. Burda boşluq dolurdu. Özü də bir oğulla yox, oğullarla. Sonuncu sinfin məzunlarının son oyununda. Bir halqa yaratmışdı onların oyunu. Nədənsə bu mənzərə heç zaman göz önündən getmirdi. Nədənsə gözdən keçib, beyinə həkk olub, yaşamaq istəyirdi. Həmişəlik. Yarımçıq ömrün davamı kimi. Sərvər, Kamal, Vüqar, Müqabil, Fariz, Etibar, Vasif. Uca boyları, qədd-qamətləri ilə qızların oğrun baxışlarını çala-çala oynayırdılar. Onlar təkcə bir boyda, bir sinifdə, bir oyunda birləşməmişdilər. Həm də bir taledə birləşmişdilər. Bığ yeri təzə tərləyən bu dəliqanlıların qanı götürmürdü gəzdikləri obanı-oymağı düşmənə oylaq etdirməyə. Odur ki, könüllü şəkildə orduya yolandılar. Bu oyundan sonra kimsə onları daha bir yerdə görməyəcəkdi. Amma bir yerdə olacaqdılar. Qara torpaq naminə sarı torpaqda.
...Musiqi səsi artıq iniltiyə çevrilərək, zamanın səsini də özünə qatırdı. Amma bu şübhəsiz ki, saat çıqqıltısı deyildi. Güllə vıyıltısı, avtomat şaqqıltısı, raket uğultusu idi.
İnsan qəribə məxluqdur. Ölüm yaxınlaşdıqca, burnunun ucunda olduqca, hər tərəfə öz hökmünü yaydıqca ona mürdəşir soyuqluğu hakim kəsilir. Belə anda başının üzərindəki ulduzun sayrışması onu heyrətləndirir, amma bu dəhşətli güllə, raket uçuşmaları laqeydliyini qıra bilmir. Yaxşı yadımdadır. Bu daşlı-tikanlı yerlərdə oynayan bu uşaqlardan bir-iki bayram ancaq böyük olardım. Belə bir gün idi. Nədənsə termos qapağında özü də sarı torpağa bitirməyəcəyini bildiyim halda höcətliklə gül əkirdim. Fasiləsiz atışma səsləri eşidildi. «Evləri talan olmuşlar , yenə görəsən, hansı bədbəxtin çırağını söndürəcəklər»- deyə nənəm ermənilərə bəd dua edə-edə həyət-bacada başını qatmağa çalışırdı. Amma nənəmin dualarının gücü bədbəxtliyin başını qarşı tərəfə döndərməyə yetmədi. Bizim evin yuxarı başında olan hündür evdən-Sərvərgilin həyətindən qəfil qara qışqırıqla nənəmin “Familin ocağını söndürdülər” harayının qopması bir oldu. Sərvər döyüşdə 12 erməni öldürdükdən sonra başından snayperlə vurulmuşdu. Sərvərin paltarının suya verilmiş qanı qurumamış, başqa bir xəbər kəndi qaraya bürüdü. Kamal tankın içərisində yanıb kül olmuşdu. Bəlkə də indi oynayan Roza ana qollarını havaya açmaqla oğlunun göylərə sovrulan külünü qucaqlamaq istəyirdi. Amma Roza ana tək olmadı ki. İşğal zənciri uzandıqca oğulların yaratdığı həlqə də qırıla-qırıla qısalırdı. Növbəti halqa dostlarının arasında idmançı, qolu güclü kimi vəsf olunan Vüqar idi. Ağır döyüş zamanı öldürülən Vüqarın meyitini də girov götürmüşdülər. Neçə gecə-gündüz Vüqarın ölüsünə qovuşmaq üçün yas quruldu. Meyit geri alındı. Amma meyiti də işgəncədən yaxa qurtara bilməmişdi. Kənddə yaxası cırılmayansa az tapılardı. Hər darvaza önündən keçəndə səksəkədə olurdun ki, indi o taydan yenə fəryad qopacaq. Yanılmamışdım. Etibarı gətirmişdilər. Əzabla öldürülmüşdü. Əl-ayağını tikanlar neştər-neştər etmişdi - deyirdilər ağılarda. Ağılar get-gedə məktəb jurnalının oxunuşuna oxşamağa başlamışdı. Adlar sayılırdı, adlar çəkilirdi, adlar oxşanırdı, adlar çoxalırdı, bizsə azalırdıq. Bizmi azaldıq? Yox torpağımız azaldı. Həsrətdən saraldı, soldu, tikanlaşdı, tikan oldu. O qədər böyük tikan ki, indi baş qoyduğumuz, ayaq basdığımız hər yerə çatacaq qədər iri tikan. Bizi qovlayan, bizi-bizdən, bizi – biz edən sarı torpaq qoxulu sarı tikan. Odur ki, sızıltımız heç zaman kəsilməyəcək. İnlədəcək, göynədəcək, ağrıdacaq. Sarı tikan sızıltısı. Lap babamın səsindəki kimi.
…Bu torpağa gül əkmə, bala! Bu torpaq gül bitirməz, tikan yetirər. Sarı tikan. Sivri dilli iynələrini batıra-batıra ağrısını ürəyinə işlədən sarı tikan. Tikanı səni bu torpaqdan ayrı salar. Bu torpaq kimi sənin də ürəyin cayır-cayır yanar, yüz yerə pardaqlanar. Bir içim suya həsrət bu torpaq. Bir ovuc torpağa həsrət bu ürək. Hər ikisi yanıb qovrular, min kərə ölüb dirilər. Amma tikan qovğası bitməz, tikan ölməz bala. Tikan ölməz...

1273