Ziyafət Əsgərov: “Parlament uşaq bağçası deyil”
01 fevral 2013 13:52 (UTC +04:00)

Ziyafət Əsgərov: “Parlament uşaq bağçası deyil”

Milli Məclisdə yaz sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Elmira Axundova təhsillə bağlı qanunun da müzakirəyə çıxarılaraq qəbul edilməsini zəruri sayıb.

 

Gənclər Günü ilə bağlı təbriklərini çatdıran millət vəkili Qənirə Paşayeva gənclər üçün ipoteka kreditlərinin verilməsinin artırılmasını və sürətləndirilməsini təklif edib. Millət vəkili sosial ipotekaların dərəcələri aşağı salınmasını zəruri sayıb: “Çünki istər Bakıda, istər regionlarda gənclərimizin əsas problemi evlə bağlıdır. Çox az maaş alan gənclərin də ipoteka kreditləri almasına imkan yaradılmalıdır”.

 

O, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyan qanun layihəsinin qəbul edilməsini də təklif edib. Millət vəkili Əli Məsimli Rəqabət Məcəlləsinin yaz sessiyasında qəbul edilməsini təklif edib. Millət vəkili Zahid Oruc sosial ipoteka məsələsində regionların fərqləndirilməsini mühüm hesab edib: “Çünki Goranboy, Bərdə və başqa regionlarda yaşayanların ödəmə qabiliyyəti fərqlidir”. O qeyd edib ki, məktəblərdə şagirdlərin hərbi xidmətə hazırlanması  da diqqət mərkəzində olmalıdır.

 

Millət vəkili İqbal Ağazadə cəmiyyətdə seçki komissiyalarına etimadın az olduğunu dilə gətirib: “Təklif edirəm ki, parlament seçkilərində ən azı 1 faiz səs toplayan siyasi partiyalar da seçki komissiyalarının formalaşdırılmasında iştirak etməlidir. Bu məsələdə  problem var. Məsələn, bizim partiya seçki komissiyalarının formalaşdırılmasına iştirak etmək hüququna malikdir. Ancaq seçki komissiyaları təşkil edərkən üzvlərimizin namizədliyi ilə bağlı məktub göndəririk, deyirlər ki, gec çatıb, ona görə də üzvlərimiz seçki komissiyalarına daxil edilmirlər. Biz poçtuq ki, məktubun gecikməsinə görə məsuliyyət daşıyaq?”

 

İqbal Ağazadə müxalifətçi deputatların çıxışlarının telekanallarda verilməməsinə də toxunub: “Tutaq ki, bu gün burada çıxış edirəm. Axşam hansı telekanal çıxışımı verəcək?”.

 

O, sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişiklik edilməsini də vacib hesab edib.

 

Çıxış üçün ayrılan 5 dəqiqə başa çatdığı üçün mikrofonu söndürülən İqbal Ağazadə buna etiraz edib. İclası aparan vitse-spiker Ziyafət Əsgərov isə millət vəkillərinin razılığı ilə çıxışlar üçün 5 dəqiqə vaxt ayrıldığını nəzərə çatdırıb. İqbal Ağazadə isə etirazlarını davam etdirib. Ziyafət Əsgərov sözü millət vəkili Sabir Rüstəmxanlıya verib, İqbal Ağazadə isə Sabir Rüstəmxanlını onun hüquqlarını qorumağa çağırıb: “Sabir bəy, mənim hüquqlarımı qoruyun”.

 

Sabir Rüstəmxanlı Ziyafət Əsgərovdan İqbal Ağazadəyə söz verməsini xahiş etsə də, vitse-spiker bununla razılaşmayıb. O bildirib ki, parlament uşaq bağçası deyil.

 

Sabir Rüstəmxanlı  Xəzər dənizi sahillərinin zəbt olunmasına, Abşeronda torpaqların hasara alınmasına diqqət çəkib. O, sığorta qanunvericiliyindən də şikayətlənib: “Bu yaxınlarda başıma bir hadisə gəldi, sığorta məsələsinin necə yarıtmaz olduğunu gördüm. 20 ildir ki, sığorta verirəm, gərək başıma elə bir iş gəlsin ki, ailəm sığorta alsın”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar