Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
30 yanvar 2013 18:50 (UTC +04:00)

Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsini qəbul edib

 

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu bildirib.

 

Xarici işlər naziri ikitərəfli siyasi münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu və iqtisadi sahədə, xüsusilə də enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın aparıldığını söyləyib. O, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, irriqasiya sistemlərinin idarə olunması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhəmiyyətli sayıb. Elmar Məmmədyarov humanitar, təhsil və mədəniyyət sahələrində ikitərəfli təmasların artırılmasının münasibətlərə töhfə verəcəyini nəzərə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Yaponiya nümayəndə heyətinə məlumat verən Elmar Məmmədyarov vurğulayıb ki,  Ermənistanın işğalçı siyasəti və sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyi regionda sülh və sabitliyin bərqərar olmasına imkan vermir və Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə təşkil edir. 

 

Takeşi Hikihara ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini və iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu dilə gətirib. Onun sözlərinə görə, əlaqələrin genişləndirilməsi üçün iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması, təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq sahələrinin müəyyən olunması vacibdir. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Takeşi Hikihara qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə tərəfdardır. 

 

Görüşün sonunda Nazir Elmar Məmmədyarov Yaponiya xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar