Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi ola bilər.
Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov məlumat verib.
Siyavuş Novruzov bildirib ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var. Onun sözlərinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə xaricdə Azərbaycan haqqında aparılan təbliğat, “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb: “Amerikanın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, bütün müsəlman ölkələri Ermənistanın Xocalıda soyqırımı törətdiyini qəbul edib. Bütün bunlar Leyla Əliyevanın xidmətləridir. Belə bir gəncin xaricdə millət vəkili olaraq Azərbaycanı təmsil etməsi çox önəmli məsələdir”.
YAP icra katibinin müavini onu da qeyd edib ki, Leyla Əliyeva hər zaman təmənnasız olaraq kimsəsizlərə, xəstələrə, imkansız adamlara kömək göstərir, xaricdə təhsil alan tələbələrə dəstək verir.
“YAP bütün bunları nəzərə alıb, Leyla xanımın namizədliyini irəli sürmək istəyir. Bu, bütün partiya üzvlərinin istək və arzusudur. Bu istək və arzular partiya rəhbərliyinə çatdırılacaq. Lakin son qərarı Leyla Əliyevanın özü verəcək. Leyla Əliyeva Azərbaycan gəncliyi üçün bir nümunədir, Azərbaycan gəncliyinin lideridir. Hamı bilir ki, cənab Prezidentin övladı Azərbaycan üçün nə qədər böyük işlər görüb. Azərbaycanı tanıdan, mədəniyyətimizi, tariximizi dünya səviyyəsində təbliğ edən Leyla xanım gənclərimizə örnəkdir. Kaş məmur övladlarının on faizi Leyla Əliyeva qədər Azərbaycana bağlı olaydı, Azərbaycana xidmət edəydi. Azərbaycanın Leyla Əliyeva kimi gənclərə böyük ehtiyacı var”.
Leyla Əliyeva Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.
Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.