“Əkrəm Əylislinin “Daş yuxuları” əsəri müasir Azərbaycan ədəbiyyatına ləkədir. Yazıçının bu dərəcədə haqsız və təhrifçi olmasını təsəvvür etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli qədər nifrət edən ikinci bir yazıçı tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycan xalqını aşağılayan, ona böhtan atanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Səhv etmirəmsə Əkrəm Əylisli vaxtilə İstiqlal ordeni ilə təltif edilib və yol verdiyi yaramazlıqdan sonra İstiqlal ordeninə də haqqını itirib”.
Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov yap.org.az saytına Əkrəm Əylislinin “Daş yuxuları” əsərinə münasibət bildirərkən söyləyib.
Ə. Əhmədov qeyd edib ki, görünür Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur. “Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Azərbaycanlılara bu qədər böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin, Xocalıda amansızlıqla qırılanların fəryadını isə eşitməyəni azərbaycanlı adlandırmaq olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin dərk etmək qabiliyyəti pozulub. Yəqin ki, belə deyil. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib. Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan zərbədir”- deyə, YAP-ın sədr müavini bildirib.