“Əminəm ki, Avropa Oyunlarından sonra Azərbaycana turistlərin axını daha da sürətlə gedəcək. Bura gələn qonaqlar Bakıya aşiq olublar. Bakının gözəlliyi, rahatlığı, təhlükəsizliyi daim qonaqların diqqət mərkəzində idi. Əlbəttə, biz turistlərin sayını artırmağa çalışmalıyıq”.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı deyib ki, Avropa Oyunları bunun üçün gözəl imkan, təqdimat olub: “Ancaq başqa məsələlər də öz həllini tapmalıdır ki, Azərbaycana daha çox turist cəlb edə bilək. İlk növbədə viza məsələsini qeyd etmək istəyirəm. Mən dəfələrlə bu məsələ ilə bağlı göstərişlər vermişəm, müəyyən addımlar atılıb. Amma hələ tam şəkildə bu məsələ öz yoluna düşməyib. Viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında möhkəm sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda viza rejimi elə olmalıdır ki, Azərbaycana turist, qonaq kimi gəlmək istəyənin qarşısında maneəyə çevrilməsin. Ona görə də vizaların elektron verilməsi, xaricdə səfirliklərə baş vurulmaması öz həllini tapmalıdır. Azərbaycana gəlmək istəyən hər bir insan elektron viza almalıdır. Səfirliyə getməyə ehtiyac olmamalıdır, evində kompüter qarşısında oturaraq elektron qaydada bileti, vizanı almalı, turizm şirkətlərinin xətti ilə Azərbaycana gəlməlidir, vəssalam! Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, digər qurumlara göstərişlər verilib, amma nəticə yoxdur. Əgər kimsə mənə desə ki, nəticə var, yoxdur! Çünki mən bura gələn qonaqlardan soruşuram, ağzıdolu danışırlar ki, nə gözəl ölkədir, amma deyirlər ki, bir problem var ki, gəlmək çətindir, gərək 1 ay, 2 ay qabaq planlaşdıraq. Müasir dünyada insanlar tez hərəkət edirlər, iki, üç gün ərzində hər hansı ölkəyə gəlmək istəyən oteli sifariş edir, müraciət edərək bilet, viza alır, gəlir. Gərək bu məsələni mütləq həll edək”.