“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat partiyasının sıralarından gedəcəyi ilə bağlı anonsundan sonra qəzetin Müsavat Partiyası üzvü olan digər əməkdaşları da analoji addım atacaqları barədə qərar qəbul ediblər.
Lent.az-ın aznews.az-a istinadən xəbərinə görə, qəzetin köşə yazarı və musavat.com saytının veb-redaktoru Xalid Kazımlı da Müsavat Partiyasındakı fəaliyyətini dondurmaq istədiyini etiraf edib. O ki, bir neçə ay öncə partiyadakı siyasi fəaliyyətini dondurmaq qərarına gəlib: “Bu, partiyadan çıxmaq, istefa vermək anlamına gəlməsə də, söz-söhbətə səbəb olacaqdı, deyə məsləhət olmadı. Rauf bəylə məsləhətləşdik ki, daha uyğun zamana qədər belə addım atmayım”.
Onun fikrincə, partiyadan ayrılmaq üçün uyğun zamana ehtiyac var: “Ancaq indi Rauf Arifoğlu bu addımı atmaqda qərarlı və israrlıdırsa, onda gərək mən daha uyğun zamanı gözləyim. Yoxsa bu, kampaniya səciyyəsi daşıyar, doğma, əziz partiyamıza zərbə olar”.
Qeyd edək ki, Rauf Arifoğlu mətbuata açıqlamasında müsavatçı jurnalistlərin partiyada fəaliyyətlərini davam etdirib-etdirməməsi ilə bağlı suala belə cavab verib: “Özləri bilərlər. Mən bir neçə ay öncə onlara “qalın” deyə xahiş etdim, çünki təşkilatda vəziyyət fərqli idi. İndisə kimsəyə “gedin” deməyəcəyəm. Hər kəs özü qərar verəcək”.