Vitse-spiker: "Ermənistan Helsinki Yekun Aktının prinsiplərinin əleyhinədir”
11 iyul 2015 14:49 (UTC +04:00)

Vitse-spiker: "Ermənistan Helsinki Yekun Aktının prinsiplərinin əleyhinədir”

Azərbaycanın ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri,Milli Məclisin vitse spikeri Bahar Muradova ATƏT PA-nın Helsinkidə yekunlaşan yay sessiyasından danışıb.

 

B. Muradova APA-ya açıqlamasında bildirib ki, qurumun sessiyası zamanı bir çox sənədlərdə münaqişələr və ölkələrin ərazi bütövlüyü ilə bağlı məqamlar əksini tapıb.

 

Onun sözlərinə görə, o cümlədən Siyasi Komitənin qəbul etdiyi qətnamənin 4-cü bəndində münaqişələr, ölkələrin ərazi bütövlüyü və sair bu kimi məsələlər əksini tapıb ki, əksəriyyət də bunun lehinə səs verib.

 

B. Muradova deyib ki, sessiya zamanı Ermənistan nümayəndə heyəti ərazi bütövlüyünün əksini tapdığı sənədlərlə bağlı fərqli mövqe sərgiləyib, sadalanan prinsiplərin sırasına “millətlərin öz müqəddəratını təyin etmə hüququ” prinsipini də daxil etməyə can atıb: "Narazılıqları ondan ibarət idi ki, nəyə görə prosesdə digər prinsiplər nəzərə alınır, onların marağında olan prinsip isə arxa planda qalır. Amma hamı bilir ki, Helsinki Yekun Aktının prinsiplərinin sıralanması var və onların biri digəri üçün əsasdır, biri digərindən doğur. Bu ardıcıllığın, onlar arasında balansın, siyasi əlaqənin pozulması isə Helsinki Yekun Aktının pozulması deməkdir. Azərbaycan tərəfinin iştirakı ilə keçən bütün müzakirələrdə, bizim nümayəndə heyətinin təqdim etdiyi sənəddə məhz əsas məqam həmin o daxili əlaqənin, balansın gözlənilməsi idi ki, bu da ATƏT Parlament Assambleyasının mütləq əksəriyyəti tərəfindən lehinə səs verilməklə qəbul olundu.

 

Yadda qalan məqam isə o oldu ki, Ermənistan da hamı kimi məhz Azərbaycan tərəfinin təqdim etdiyi sənədin - “ATƏT regionunda Helsinki Yekun Aktı prinsiplərinin qorunmasına dair” sənədin lehinə səs verdi”.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın qəbul etdiyi yekun Helsinki Bəyannaməsi ilə bağlı isə qeyd edib ki, yeganə olaraq Ermənistan nümayəndə heyəti sənədin lehinə səs verməyib: “Beləliklə, onlar Helsinki Yekun Aktının prinsiplərinin əleyhinə olduqlarını ortaya qoydular”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar